Zakir Həsənov Ərhan Afyoncu ilə görüşdü – Foto

Zakir Həsənov Ərhan Afyoncu ilə görüşdü – Foto

Yanvarın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru professor Ərhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AzerTimes-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Müdafiə naziri qardaş ölkə Türkiyə ilə digər sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.

Nazir hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsir etdiyini vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən professor Ə.Afyoncu ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycan Ordusunda əldə olunan nailiyyətlərlə əlaqədar müdafiə nazirini təbrik edib. Hərbi təhsil sahəsində həyata keçirilən islahatların bundan sonra da davam etdirilməsinin, eləcə də bu istiqamət üzrə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Görüşdə hər iki ölkənin hərb tarixinin, o cümlədən qəhrəmanlıq salnamələrinin araşdırılmasının vacibliyi xüsusi vurğulanıb, Azərbaycan ilə Türkiyə arasında maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonra Ə.Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.

Keçirilən görüşlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu qeyd edilib.

Teqlər: