Zabitlər və psixoloqlar ilə toplantı keçirilib (FOTO)

Aprelin 29-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində
ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və
psixoloqlar ilə toplantı keçirilib.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, toplantıda birlik, birləşmə, əlahiddə hərbi
hissə komandirlərinin və xüsusi təyinatlı hərbi təhsil müəssisələri
rəislərinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə
müavinləri, hərbi psixoloqlar, eləcə də Azərbaycan Respublikasının
Hərbi Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Bakı şəhər
Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov toplantı iştirakçıları ilə görüşüb.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin
ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib, dövlət himni səsləndirilib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu
qarşısında qoyduğu tapşırıqları toplantı iştirakçılarının nəzərinə
çatdırıb. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində
hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində görülən işlər sayəsində şəxsi heyətin
mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldiyini qeyd edib.

Azərbaycan Ordusunda hərbi intizamın yüksəldilməsi məqsədilə
görülən işləri müsbət qiymətləndirən nazir ideoloji iş və
mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqların bu sahədə
üzərlərinə düşən vəzifələrindən danışıb.

Müdafiə naziri şəxsi heyət arasında tərbiyə işində fərdi yanaşma
metoduna üstünlük verilməsinin əhəmiyyətini, eləcə də qarşılıqlı
münasibətlərin qurulmasında nizamnamələrin tələblərinə ciddi əməl
edilməsini xüsusi vurğulayıb.

Hərbi kollektivlərdə sağlam mühitin formalaşmasında
ictimai-siyasi və fiziki hazırlıq üzrə məşğələlərin rolundan söz
açan general-polkovnik Z.Həsənov funksional vəzifələrin icrası
zamanı şəxsi nümunə və məsuliyyət bölgüsü amillərinə üstünlük
verilməsini tövsiyə edib.
Sonra müdafiə naziri tərbiyəvi işin planlı şəkildə aparılması,
qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır
olmaları üçün ideoloji iş və mənəvi-psixoloji təminatın daha da
gücləndirilməsi ilə bağlı konkret göstərişlər verib.
Toplantıda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığına,
vətənpərvərlik hissinə təsir edən bir çox mövzular ətrafında fikir
mübadiləsi aparılıb, mühazirələr dinlənilib və maraq doğuran
suallar cavablandırılıb.

Teqlər: