“Yuventus” argentinalı hücumçusu Paulo Dibalanın müqaviləsini
uzatmaq fikrindən daşınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə klubun baş direktoru
Maurisio Arrivabeneyə istinadən jurnalist Canluici Lonqari xəbər
verib.
Onun sözlərinə görə, turinlilərin baş direktoru klubun
argentinalı hücumçu ilə yayda yollarını ayıracağını bildirib.
“Biz müqaviləni uzatmayacağıq. Vlakoviçin transferindən sonra
layihəyə yenidən baxdıq. İndi Dibala mərkəzi fiqur deyil. Biz ona
əhəmiyyətli dərəcədə maaşın azaldılması ilə müqavilə təklif edə
bilərdik, lakin bu, ona hörmətsizlik olardı”, – deyə M.Arrivabene
bildirib.
Qeyd edək ki, argentinalı hücumçu Paulo Dibala 2015-ci ildə “Palermo” klubundan “Yuventus”a keçib. 28 yaşlı futbolçu Turin
təmsilçisinin heyətində 283 oyuna çıxıb, 113 qol vurub və 48 qolla
nəticələnən ötürmə edib. P.Dibala “Yuventus”la birgə beşqat İtaliya
çempionu, dördqat İtaliya Kubokunun qalibi olub.
Paulo Dibalanın “Yuventus” ilə müqaviləsi cari mövsümün sonuna
qədər nəzərdə tutulub.