12. Yusuf surəsi
﴾1﴿Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Quranın) ayələridir!
﴾2﴿(Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını ) anlayasınız.
﴾3﴿(Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin.
﴾4﴿Bir zaman Yusif atasına demişdir: “Atacan! Mən (yuxuda) on bir ulduz və Günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər”.
﴾5﴿(Atası Yəqub) dedi: “Can oğul! Yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hiylə qurarlar. Çünki Şeytan insanların açıq-aşkar düşmənidir.
﴾6﴿(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb (peyğəmbərlik) verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!”
﴾7﴿Yusifin və qardaşlarının əhvalatında (bu haqda) soruşanlar üçün (neçə-neçə) ibrətlər vardır.
﴾8﴿Bir zaman (Yusifin qardaşları öz aralarında) belə demişdilər: “Biz (bir-birimizə bağlı, sayca çox, güclü) bir dəstə olduğumuz halda, Yusif və onun (atabir-anabir) qardaşı (Bin Yamin) atamıza daha əzizdirlər. Həqiqətən, atamız açıq-aşkar səhv edir!”
﴾9﴿(Aralarında biri dedi: ) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisaleh bir camaat olarsınız!”
﴾10﴿Bir başqası (Rubil və ya Şəmun) belə dedi: “Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər”.
﴾11﴿Onlar dedilər: “Ata! Biz Yusifin xeyirxahları olduğumuz halda, sən nə üçün onu bizə etibar etmirsən?
﴾12﴿Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq!”
﴾13﴿(Yəqub) dedi: “Onu aparmağınız məni çox məyus edər (ayrılığına dözə bilmərəm). Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!”
﴾14﴿Onlar: “Biz güclü bir dəstə (on bir nəfər) ola-ola (gözümüzün qabağında) qurd onu yesə, onda biz aciz olarıq ki!” – deyə cavab verdilər.
﴾15﴿(Qardaşları) onu (Yusifi) götürüb (çölə) apararkən onu quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz (Yusifə): “Sən (bir vaxt) onlara (qardaşlarına) özlərinin bu işi barəsində heç gözləmədikləri (səni tanımadıqları) halda xəbər verəcəksən!” – deyə vəhy etdik.
﴾16﴿Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər.
﴾17﴿Və dedilər: “Ata! Biz (at çapmaq, yaxud qaçışıb-ötüşmək və ya ox atmaqda) bir-birimizlə yarışmaq üçün (səhraya) getmişdik və Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da, sən bizə inanmayacaqsan!”
﴾18﴿Onlar (Yusifin) köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər. (Yəqub) dedi: “Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbr gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!”
﴾19﴿Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır! – dedi. Onlar (müsafirlər və ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına nə oyunlar açdığını) biləndir!
﴾20﴿(Yusifi təqib edən qardaşları işin nə yerdə olduğunu bildikdə: “Bu bizim qaçmış köləmizdir! – deyə) onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar və (bu işdə pul qazanmaq deyil, yalnız Yusifdən xilas olmaq, onu atası Yəqubdan ayırmaq məqsədini güddükləri üçün qardaşlarını baha məbləğə satmağa) tamah göstərmədilər.
﴾21﴿(Yusifi) Misirdə satın alan (padşahın Əziz ləqəbli vəziri Qitfir) öz zövcəsinə belə dedi: “Ona hörmət et (yaxşı bax). Ola bilsin ki, bizə fayda versin və ya onu oğulluğa götürək!” Beləliklə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik, həm də ona yuxu yozmağı öyrətdik. Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!
﴾22﴿(Yusif gəncliyinin) ən yetkin dövründə (18, 21, 30 yaxud 33 yaşına) çatdıqda ona hikmət (peyğəmbərlik) və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!
﴾23﴿Evində olduğu qadın (Züleyxa Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə: ) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi.
﴾24﴿Doğrudan da (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!
﴾25﴿(Yusif canını qurtarmaq, Züleyxa da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (Züleyxa) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”
﴾26﴿(Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: “Əgər (Yusifin) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır.
﴾27﴿Yox, əgər onun köynəyi arxadan cırılıbsa, (qadın) yalan deyir, o (Yusif) isə doğrudanışanlardandır.”
﴾28﴿(Qadının əri Yusifin) köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu sizin (siz qadınların) məkrlərinizdəndir. Doğrudan da, sizin məkriniz böyükdür!”
﴾29﴿ Ey Yusif! Sən bu işi açıb ağartma. Sən də (ey qadın) günahına görə (Allahdan) bağışlanmanı dilə. Çünki sən, həqiqətən, günah edənlərdənsən.
﴾30﴿Şəhərdəki qadınlar dedilər: “Vəzirin övrəti cavanı (cavan qulunu) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istəyir. (Yusifin) məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar (doğru) yoldan çıxdığını görürük.
﴾31﴿(Züleyxa qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdilər. Onlar: “Aman Allah! Bu ki, bəşər deyildir. Bu ancaq (Allah yanında) möhtərəm (əziz) olan bir mələkdir!” – dedilər.
﴾32﴿(Züleyxa qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: “Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”
﴾33﴿(Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən xoşdur. Əgər (bu qadınların) hiyləsini məndən dəf etməsən, mən onlara meyl edər və cahillərdən olaram”.
﴾34﴿Rəbbi (Yusifin) duasını qəbul buyurub (qadınların) məkrindən qurtardı. Həqiqətən, O, (hər şeyi) eşidəndir, biləndir!
﴾35﴿(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı).
﴾36﴿Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdən sonra) onlardan biri (şərab paylayan) dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri (aşpaz) isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”
﴾37﴿(Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!
﴾38﴿Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu (tövhid) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!
﴾39﴿Ey mənim iki zindan yoldaşım! (Sizə nə bir xeyir, nə də bir zərər verə bilən) ayrı-ayrı tanrılar daha yaxşıdır (ibadət olunmağa daha layiqdir), yoxsa bir olan, (hər şeyə) qadir (qalib) olan Allah?!
﴾40﴿(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!
﴾41﴿Ey iki zindan yoldaşım! (Yuxularınızın mənasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!” (Birinizin həbsdən azad edilməsi, o birinizin asılması barəsində fərman verilmişdir!)
﴾42﴿(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərabpaylayana) dedi: “Ağanın yanında məni də yada sal!” Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.
﴾43﴿(Bir gün) padşah (Misir padşahı) belə dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl və yeddi quru sünbül (quru sünbüllərin yaşıl sünbüllərin üstünə qalxıb bellərinə sarıldığını) gördüm. Ey əyanlar! Əgər yuxu yoza bilirsinizsə, mənim bu yuxumu yozun!”
﴾44﴿Onlar: “(Bu gördüklərin) qarmaqarışıq yuxulardır. Biz (belə) yuxuların yozumunu bilmirik!” – deyə cavab verdilər.
﴾45﴿(Zindandakı) iki (cavan) oğlandan (edamdan) xilas olan (şərabpaylayan) bir neçə müddətdən sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Bircə məni (zindana – Yusifin yanına) göndərin!”
﴾46﴿(Cavan oğlan padşahın izniylə zindana gəlib dedi: ) “Yusif! Ey doğru danışan adam, bizim üçün bir yoz görək! Yeddi arıq inək yeddi kök inəyi yeyir. Yeddi yaşıl sünbül, yeddi də quru sünbül. (Bir bunun mənasını mənə izah elə). Bəlkə, mən adamların yanına (düzgün cavabla) qayıda bilim; bəlkə, onlar da (bu yuxunun mənasını) bilsinlər!”
﴾47﴿(Yusif) belə cavab verdi: “Yeddi il adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın.
﴾48﴿Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız.
﴾49﴿Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər)”.
﴾50﴿(Bunları eşidən) hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. (Onun göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, (Züleyxanın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”
﴾51﴿(Padşah həmin qadınları çağırtdırıb) soruşdu: “Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar: ) “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” – deyə cavab verdilər. Vəzirin övrəti (Züleyxa) dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrudanışanlardandır!”
﴾52﴿ (Yusif dedi:) “Bu (qadınlara həqiqəti etiraf etdirməyim) ona görədir ki, (vəzir evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini (onları baş tutmağa qoymadığını) bilsin!
﴾53﴿Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi (şəhvətə uymağı) əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”
﴾54﴿Padşah dedi: “(Yusifi) yanıma gətirin, onu özümə ən yaxın (adam) edəcəyəm!” Sonra (padşah) onunla söhbət etdikdə: “Sən bu gün (bu gündən) yanımızda mövqe sahibisən, etibarlı bir şəxssən!” – dedi.
﴾55﴿(Yusif) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə məmur təyin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!”
﴾56﴿Beləliklə, Yusifi o yerdə (Misir torpağında) mövqe (ixtiyar) sahibi etdik. O, (Misirdə) istədiyini edirdi (istədiyi yerdə mənzil sala bilirdi). Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik.
﴾57﴿ İman gətirib (Allahdan qorxanlar) pis əməllərdən çəkinənlər üçün axirət mükafatı, əlbəttə, daha xeyirlidir.
﴾58﴿(Misirə ərzaq üçün yollanan) Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar (Yusifi) tanımadıqları halda, (Yusif) onları dərhal tanıdı.
﴾59﴿(Yusif) onların (ərzaq) yüklərini hazırlayıb dedi: “Atabir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz?!
﴾60﴿Əgər onu yanıma gətirməsəniz, məndən bir qab (keyl) belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!”
﴾61﴿(Yusifin qardaşları) dedilər: “Ondan ötrü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, (bunu) edərik”.
﴾62﴿(Yusif) xidmətçilərinə dedi: “Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu (mallarının geri qaytarıldığını) başa düşsünlər və ola bilsin ki, (yenidən ərzaq almaq üçün bir daha yanımıza) qayıtsınlar!”
﴾63﴿(Yusifin) qardaşları atalarının yanına döndükdə dedilər: “Ata! Bizə ərzaq (taxıl ölçülüb) verilməsi qadağan edildi. (Əgər Bin Yamini bizimlə Misirə göndərməsən, bizə daha heç bir şey verilməyəcək). Yenidən ərzaq (taxıl ölçüb) almaq üçün qardaşımızı bizimlə birlikdə (Misirə) göndər. Biz, əlbəttə, onu qoruyacağıq!”
﴾64﴿(Yəqub) dedi: “Bundan əvvəl qardaşını (Yusifi) sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah Özü (onu) ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir!”
﴾65﴿Onlar yüklərini açdıqda mallarının özlərinə qaytarıldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz (onun vasitəsilə) ailəmizə bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və (ərzağımızın üstünə) bir dəvə yükü də ərzaq artırarıq. Bu (əvvəlcə gətirdiyimiz) isə az bir ərzaqdır!”
﴾66﴿(Yəqub) dedi: “Başınıza bir bəla (ölüm, fəlakət) gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə onu sizinlə (Misirə) göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə (Yəqub): “Allah dediyimizə şahiddir!” – dedi.
﴾67﴿(Yəqub) dedi: “Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun (sizə göz dəyməsin). Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!”
﴾68﴿Onlar ataları (Yəqubun) əmr etdiyi kimi (Misirə ayrı-ayrı qapılardan) daxil olduqda (bu) Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi (özləri də bilmədən oğurluqda ittiham olundular), ancaq Yəqubun ürəyində bir diləyi (oğlanlarına göz dəyməməsini) yerinə yetirmiş oldu. Şübhəsiz ki, Yəqub onu (vəhylə) öyrətdiyimiz üçün bir elm sahibi idi. Lakin insanların (kafirlərin) əksəriyyəti (Allahın sevib-seçdiyi zatlara vəhy, ilham yolu ilə elm öyrətməsini) bilməz!
﴾69﴿Onlar Yusifin hüzuruna daxil olduqları zaman (Yusif) qardaşını (Bin Yamini) bağrına basıb dedi: “Mən, həqiqətən, sənin qardaşınam. Onların etdikləri (başımıza gətirdikləri) işlərdən kədərlənmə!”
﴾70﴿(Yusif) onların yüklərini hazırlatdığı vaxt qardaşının yükünün içinə bir su qabı (piyalə) qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı: “Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz!” – deyə haray çəkdi.
﴾71﴿(Yəqubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb: “Nə itirmisiniz?” – deyə soruşdular.
﴾72﴿Onlar belə cavab verdilər: “Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə (muştuluq olaraq) bir dəvə yükü ərzaq veriləcək!” (Carçı: ) “Mən də buna zaminəm!” – (dedi).
﴾73﴿(Yəqubun oğlanları) dedilər: “Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz bu yerə (Misir torpağına) fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!”
﴾74﴿Onlar soruşdular: “Əgər yalan desəniz (yalançı çıxsanız), onun (oğrunun su qabını götürənin) cəzası nədir?”
﴾75﴿(Qardaşlar: ) “Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın özüdür (onun kölə edilməsidir). Biz zalımları belə cəzalandırırıq!” – deyə cavab verdilər.
﴾76﴿(Yusif doğma) qardaşının yükündən (qabından) əvvəl onların yüklərini axtarmağa başladı, sonra su qabını qardaşının yükündən (tapıb) çıxartdı. Biz Yusifə (qardaşını yanında saxlamaq üçün) belə bir tədbir öyrətdik. Yoxsa padşahın (Misir hökmdarının) dininə (şəriətinə, qanunlarına) görə, o, qardaşını tutub öz yanında saxlaya bilməzdi. Allahın istədiyi isə müstəsnadır. (Yalnız Allah istədiyi üçün bu belə oldu). Biz istədiyimiz kimsəni dərəcələrlə yüksəldərik. Hər biləndən üstün bir bilən də vardır!
﴾77﴿(Qardaşlar) dedilər: “Əgər o (Bin Yamin) oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. . Yusif bu sözü ürəyində saxlayıb onlara açmadı və dedi: “Siz (Allah yanında ondan) daha pis bir mövqedəsiniz. Allah sizin (mənə və qardaşıma yalandan) aid etdiyiniz şeyləri daha yaxşı bilir!”
﴾78﴿(Qardaşlar) dedilər: “Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub saxla. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük”.
﴾79﴿(Yusif) belə cavab verdi: “Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq!”
﴾80﴿Onlar (Bin Yamindən) ümidlərini kəsdikdə kənara çəkilib pıçıldaşmağa başladılar (pıçıldaşaraq kənara çəkildilər). Onların (qardaşların) ən böyüyü dedi: “Məgər atanız sizi Allaha and içdirib əhd aldığını və bundan qabaq Yusif barəsindəki təqsirinizi bilmirsiniz? Atam (evə qayıtmağıma) izin və ya Allah (qardaşımın xilas olması haqqında) öz hökmünü verməyincə, mən bu yerdən (Misir torpağından) ayrılmayacağam! O (Allah) hökm verənlərin ən yaxşısıdır.
﴾81﴿Atanızın yanına qayıdıb deyin: “Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. (Biz Bin Yaminin oğurluq etdiyini öz gözlərimizlə görməsək də, hər halda su qabı onun yükündən çıxdı). Biz qeybi mühafizə edən deyilik. (Bin Yamini sağ-salamat qaytarıb gətirəcəyimiz barədə sənə söz verdiyimiz zaman irəlidə bir oğurluq hadisəsinin baş verəcəyini və düzgün olub-olmasa da, onun qardaşımızın boynuna qoyulacağını haradan biləydik? Buna görə də bizi üzrlü hesab et).
﴾82﴿Olduğumuz şəhərdən (Misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışanlarıq!”
﴾83﴿(Qardaşlar Yəqubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!”
﴾84﴿(Bu sözlərdən sonra Yəqub) onlardan (oğlanlarından) üz döndərdi. (Bin Yaminin başına gələn bu iş onun yadına sevimli oğlu Yusifin müsibətini saldı) və: “(Heyf sənə) yazıq Yusif!” – dedi. Dərd-qəmdən (həmişə ağlamaqdan Yəqubun) gözlərinə ağ gəldi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).
﴾85﴿(Oğlanları Yəquba) dedilər: “Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!”
﴾86﴿(Yəqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi (Yusifin vaxtilə gördüyü yuxunun çin çıxacağını, sizin və mənim ona təzim edəcəyimizi) bilirəm!
﴾87﴿Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”
﴾88﴿(Yəqubun oğulları Misirə gəlib Yusifin) hüzuruna daxil olanda dedilər: “Ey vəzir! Bizə və ailəmizə müsibət (quraqlıq, qıtlıq, aclıq) üz vermişdir. Bir az dəyərsiz malla (sənin yanına) gəlmişik. (Buna baxmayaraq, yenə də onun müqabilində) bizim üçün ölçünü düz elə (bolluca ərzaq ehsan et) və bizə sədəqə ver. Həqiqətən, Allah sədəqə verənləri mükafatlandırar!”
﴾89﴿(Yusif) onlardan: “Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?” – deyə soruşdu.
﴾90﴿Onlar: “Yoxsa sən Yusifin özüsən?!” – dedilər. O da: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz!” – deyə cavab verdi.
﴾91﴿Onlar: “Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə (sənin barəndə), sözsüz ki, günah etmişik!” – dedilər.
﴾92﴿(Yusif) dedi: “Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)
﴾93﴿Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!”
﴾94﴿Karvan (vətənə qayıtmaq üçün Misirdən) ayrılanda ataları (Yəqub yanındakı övladlarına) dedi: “Əgər məni səfeh hesab etməsəydiniz (və ya yalançı hesab edib danlamasaydınız), deyərdim ki, Yusifin ətrini alıram!”
﴾95﴿Onlar: “Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında (şaşqınlığında) qalmaqdasan!” dedilər.
﴾96﴿Muştuluqçu gəlib köynəyi (Yəqubun) üzünə sürtən kimi onun gözləri açıldı və o: “Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm!” söylədi.
﴾97﴿(Oğlanları ona: ) “Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” dedilər.
﴾98﴿(Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!”
﴾99﴿(Yəqub və ailəsi) Yusifin hüzuruna daxil olduqda o, ata-anasını (analığı olan xalasını) bağrına basıb: “İnşallah (hər şeydən) əmin olaraq Misirə daxil olun!” dedi.
﴾100﴿(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!”
﴾101﴿(Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yəqub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir etibarı olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”
﴾102﴿(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin!
﴾103﴿Sən (qövmünün imana gəlməsi üçün) təşnə olsan da, insanların (Məkkə müşriklərinin) əksəriyyəti iman gətirən deyildir!
﴾104﴿Halbuki sən bundan (islamın təbliği və imana dəvətdən) ötrü onlardan heç bir mükafat istəmirsən. Bu (Quran) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!
﴾105﴿Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər (onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında düşünməzlər).
﴾106﴿Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. (Allaha təklikdə deyil, Ona qoşduqları şəriklər-bütlər və tanrılarla birlikdə ibadət edərlər).
﴾107﴿Məgər (müşriklər) Allahın əzabından onlara bir bəla gəlməyəcəyinə və ya qiyamətin, özləri də bilmədən, qəflətən başlarının üstünü almayacağına əmindirlərmi?
﴾108﴿(Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pakdır, müqəddəsdir (bütün eyib və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm!”
﴾109﴿Səndən əvvəl də (səhra əhlindən deyil) ancaq şəhər əhlindən olub özlərinə vəhy etdiyimiz neçə-neçə kişilər (qadın, mələk yox, məhz kişi peyğəmbərlər) göndərdik. Məgər (bu müşriklər) yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəl gəlib-gedənlərin (məhv olmuş xalqların, tayfaların) aqibətinin necə olduğunu görsünlər? Həqiqətən, axirət yurdu Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?
﴾110﴿Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə (yəqin etdikdə) köməyimiz onlara yetdi, dilədiyimizə nicat verildi. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!
﴾111﴿(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!