Yuri Smolkin Azərbaycanla bağlı gələcək planları barədə danışıb (FOTO)

23 may 2022-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris
Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə
“Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir
yanaşmalar” mövzusunda keçirilən beynəlxalq elmi seminarda Yuri
Smolkin yaxından iştirak edib. Tədbirdən sonra Mərkəzi Gömrük
Hospitalının PR mütəxəssisi Dilara Zamanova Rusiya Uşaq
Allerqoloqları və İmmunoloqları Assosiasiyasının vitse-prezidenti,
Professor Yuri Smolkindən Azərbaycanla bağlı gələcək planları
barədə müsahibə alıb.

– Yuri Solomonoviç, peşəkar fəaliyyətiniz barədə
oxucularımıza məlumat verərdiniz.

Mən N.İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb
Universitetinin Pediatriya fakültəsində təhsil almışam. 1980-ci
ildə Universiteti bitirdikdən sonra uşaq bağçası və internat
məktəbdə uşaq həkimi, sonra 5 il sahə pediatrı vəzifəsində
çalışmışam. 1988-ci ildə pediatriyada anesteziologiya və
reanimasiya üzrə rezidenturanı bitirdikdən sonra yenidoğulmuşların
reanimasiya şöbəsində işləmişəm. 1989-cu ildən 2003-cü ilə qədər
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Moskva Elmi-Tədqiqat
Pediatriya və Uşaq Cərrahiyyə İnstitutunda kiçik elmiş işçidən
başlayaraq, aparıcı elmi işçiyə qədər yüksəlmiş, burada namizədlik
və doktorluq dissertasiyalarını müdafiə etmişəm. 110-dan artıq çap
əsərinin müəllifi və immunologiya üzrə beynəlxalq monoqrafiyanın
həmmüəllifiyəm. Spesifik immunoterapiya aparılarkən endogen opioid
sisteminin rolunun, uşaqlarda atopik xəstəliklər zamanı
immunoqlobulin reseptorlarının B-limfositlərin səthində paylanması
xüsusiyyətlərinin müəyyən edilməsi kimi elmi nailliyyətlərim
var.

Yuri Solomonoviç, necə oldu ki, bu tədbirə qatılmaq
üçün Azərbaycana gəldiniz?

-Əvvəla, qeyd edim ki, mən bir-sıra elmi tədbirlərdə iştirak
etmək üçün Azərbaycana gəlmişdim. Bakı şəhərində olduğum zaman
Mərkəzi Gömrük Hospitalında “Allergik xəstəliklərin diaqnostikası
və müalicəsinə müasir yanaşmalar” mövzusunda keçirilən beynəlxalq
elmi seminarda çıxış etmək üçün dəvət aldım. Yüksək səviyyədə
təşkil edilmiş bu tədbirə dəvət aldığım üçün Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin
sədri Ceyhun Məmmədova dərin minnətdarlığımı bildirirəm. Mənim bu
elmi seminarda sadəcə mühazirə oxumaq istəyim var idi, lakin bu
seminar böyük, genişmiqyaslı tədbirə, kifayət qədər həkimlərin
iştirak etdiyi konfransa çevrildi. Bu, ümid etməyə əsas verir ki,
bütün bunlar əməkdaşlığımızı qarşılıqlı maraqlar çərçivəsində davam
etdirmək istəyinə səbəb olacaq.

– Siz Şuşaya həsr olunmuş konfrans çərçivəsində də çıxış
etmək üçün məruzə planlaşdırırsınız. Bu nə vaxt
gözlənilir?

-Bəli, əvvəla onu qeyd edim ki, 2019-cu ildə Azərbaycan
Allerqoloqlar və Rusiya Allerqoloqları Assosiasiyasının birgə
konfransı keçirilib. Bu konfrans aprel ayında baş tutmuşdu və çox
uğurlu oldu. Biz bu ilin aprelində daha bir tədbir keçirməyi
planlaşdırırdıq, lakin təəssüf ki, məlum səbəblərdən uçuş
cədvəllərində dəyişikliklər planlarımızı pozdu. Lakin bu, bizə mane
ola bilmədi. İndi biz Şuşaya həsr olunmuş konfrans çərçivəsində
allergiyanın diaqnostikasının prinsipləri ilə bağlı məruzə etmək
qərarına gəlmişik.

Yuri Solomonoviç, gələcəkdə tibb sahəsində
Azərbaycanla əməkdaşlığı necə görürsünüz?

– Biz belə tədbirləri müntəzəm olaraq keçirməyə hər zaman
hazırıq. Necə deyərlər, vəzifənin necə qoyulacağından asılı olaraq.
Şuşa – mənim ürəyimi qoyub getdiyim şəhərdir…

Bundan başqa, gələcəkdə Rusiya İmmunoloqlar Assosiasiyası ilə
Mərkəzi Gömrük Hospitalı arasında təcrübə mübadiləsinin aparılması
istiqamətində birgə tədbirlərin keçirilməsini nəzərdə tuturuq.

Müsahibəni apardı
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi

Teqlər: