Yurdumuza bahar gəlir (FOTO)

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və
98 saylı tam orta məktəbin birgə təşkilatçılığı
ilə
Novruz bayramına həsr olunmuş tədbir
keçir
ilib

Martın 17-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının
və Xətai rayonunda yerləşən 98 saylı tam orta məktəbin birgə
təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir
keçirilib.

98 saylı tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən
məktəbin direktoru Bahar Məmmədova öncə iştirakçıları qarşıdan
gələn birlik, həmrəylik, bərəkət bayramı olan Novruz münasibətilə
təbrik edib. Bildirib ki, Novruz Azərbaycanın ən sevimli
bayramlarından biridir: “Bu bayram təkcə onu qeyd edən türk
xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab
edilir. Kökləri İslamdan əvvəlki tarixi dövrə gedib çıxan Novruz
bayramı Azərbaycanla yanaşı, bütün Şərqdə qeyd olunur. Novruz
bayramı əsasən müsəlman ölkələrində qeyd olunsa da, dini bayram
deyil. Bu bayramda təbiətin yenilənməsini, torpağın oyanışını
simvolizə edən yazın gəlişi qarşılanır. Yaşı bilinməyən, əsrləri
arxada qoyaraq bugünümüzə qədər gələn Novruzun atributlarının
olduğu kimi qorunması, ulularımızdan ərmağan, dildən-dilə yaşadılan
el mahnıları, bənzətmələri, oxşamaları, bayatıları, xalqımızın
mənəvi zənginliyini göstərən sərvətlərimizdəndir”.

Direktor B.Məmmədova onu da əlavə edib ki, qışın öz yerini
sonrakı fəslə, bahara verməsini bildirən əlamətlərin çərşənbələrlə
qeyd olunması özü də xalqımızın mənəvi dəyərlərinə sadiqliyinin
nümunəsidir.

Çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə 98
saylı tam orta məktəbin müəllim və şagird kollektivini Novruz
bayramı münasibətilə təbrik edib və bayramı qalibiyyət ruhunda qeyd
etməyimizdən məmnunluğunu bildirib: “Tarixi Zəfərimiz 30 ilin
işğalına, soydaşlarımızın torpaq həsrətinə son qoymaqla yanaşı, bu
ərazilərimizə əbədi bahar gətirdi.”

V.Rəhimzadə vurğulayıb ki, şanlı Qələbəmizə qədər keçirdiyimiz
bayramlarda hər birimizin qəlbindən bir istək, bir arzu keçir,
dilimizdə eyni dualar səslənirdi: “Bu, işğal altında olan
torpaqlarımızın düşmən tapdağından azad edilməsi, bu torpaqlarda
bayram tonqallarının alovlandırılması idi. Bu arzular, dualar ifadə
ediləndə içimizdə belə bir əminlik var idi ki, dövlətimizin uğurlu
siyasəti, xalqımızın məğrurluğu, yenilməzliyi, birliyimiz,
həmrəyliyimiz sayəsində torpaqlarımız tarixi sahibinə qayıdacaq,
Qarabağımız toy-büsatlı olacaq, hər daşı, qayası artıq erməni
vəhşiliklərinə deyil, milli-mənəvi dəyərlərimizin, tariximizin,
ədəbiyyatımızın qorunmasına və yaşadılmasına şahidlik edəcək.
“Xarıbülübül” musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa
ediləcək, Şuşamızdan, Cıdır düzündən səslənəcəyi muğamımızın,
əks-sədası dünyaya yayılacaq. Bu arzumuz da reallığa çevrildi.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər
Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən, hər
bir vədini konkret əməli işində təsdiqləyən dövlət başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, 2003-cü ildən 2020-ci ilədək olan dövr
torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi
xarakterizə olunur. Gücləndik, qüdrətləndik, döyüş ruhumuzu
möhkəmləndirdik və 44 gündə 30 ilin işğalına son qoyduq.
Qalibiyyətimiz bizə yeni-yeni hədəflərə doğru inamla addımlamağa
əsas verir.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bu gün Novruz
sevincimizə Zəfər sevincimiz qatılıb: “Tədbir iştirakçılarının xoş
əhval-ruhiyyəsindən, məktəblilərimizin yüksək fəallığından da bu
sevinc aydın görünür. Dövlətimizin başçısı, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqına ancaq
qələbə yaraşır”.

Vüqar Rəhimzadə bildirib ki, Qarabağlı və Şərqi Zəngəzurlu
Azərbaycan bu günlər Novruz tonqallarının işğaldan azad edilmiş
torpaqlarımızda alovlandırılmasından qürurludur.

Xalqımızın qədim tarixini əks etdirən, milli adət-ənənələrimizi
özündə birləşdirən Novruz bayramının tarixindən, Su, Od, Yel və
Torpaq çərşənbələrinin mahiyyətindən, Novruz atributlarından bəhs
edən YAP Xətai rayon təşkilatının sədri şagirdlərə bu çağırışı edib
ki, milli-mənəvi dəyərlərimizi qoruyaq, tariximizi öyrənək,
adət-ənənələrimizin, dəyərlərimizin gələcək nəsillərə ötürülməsinə
öz töhfələrimizi verək.

Daha sonra şagirdlərin iştirakı ilə Novruz adət-ənənələrini əks
etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub. Bayram şənliyində
Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından
səhnəciklər nümayiş olunub, şagirdlər baharın təravətli nəfəsini
özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər
səsləndiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları,
Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirə
xüsusi rəngarənglik, şən əhval-ruhiyyə qatıb.

Tədbirin sonunda 98 saylı tam orta məktəbin fəal müəllim və
şagirdlərinə Fəxri fərman təqdim olunub.

Teqlər: