Türk ədəbiyyatında ən böyük sufi şairlərindən olan Yunus Əmrənin (1238-1328) həyat və fəaliyyəti barədə məlumatlar olduqca azdır. Məlum olan bilgilər isə dolaşıq və ziddiyyətlidir. Çünki onun barəsindəki məlumatlar təqribən iki əsr ərzində yalnız şifahi şəkildə ağızdan-ağıza keçməklə yayıldığına görə təhrif olunaraq, rəvayətlər halına düşmüşlər. Şairin əsərləri də yarandığı dövrdən xeyli sonralar yazıya alınmışlar. Nəticədə onlar da təhriflərə məruz qalmış və digər şairlərin, xüsusilə də XV əsrin əvvəllərində vəfat etmiş bursalı Aşıq Yunusun əsərləri ilə qarışdırılmışlar.
Yunus Əmrənin doğum və ölüm tarixləri də mübahisəlidir. Eyni sözləri onun “Əmrə” ləqəbi haqqında da demək olar. Bu sözü biz ona görə ləqəb adlandırırıq ki, qəzəllərində şair təxəllüs kimi daima “Yunus” adından istifadə edir.
Türkologiyada belə qəbul edilib ki, “əmrə” sözü “aşiq” deməkdir. Məsələn, Azərbaycan Vikipediyasında bu sözün mənşəyi ilə bağlı belə bir qurama etimologiya verilib: “Anadoluda müxtəlif ozanların, aşiq və dərvişlərin adında olan “əmrə” sözü türkcədə “aşiq” mənasını verir. Bu sözün “imrə” anlayışı ilə əlaqəli olduğu qəbul edilir. Türk-monqol dillərində dərman, ağız, qadınlıq, işarə bildirən (am/əm/em/im) kökündən törəyən amramaq/əmrəməq/imrəməq feilləri “aşiq olmaq” deməkdir. Əmrə sözü də aşiq mənasını daşıyır. Amrağ/amra/əmrə çevrilməsinə məruz qalmışdır”.
Öncə demək lazımdır ki, qədim türk dilində “amramaq” yox, “amranmağ” və “amra” sözləri vardır. Birinci söz “sevgi”, “məhəbbət”, ikincisi isə “sevmək” mənasını verir (bax: Древнетюркский словарь. Ленинград, 1969, с. 41). Bundan əlavə, əgər Yunus Əmrə özünə “aşiq” ləqəbi seçmək istəsə idi, elə o da Aşiq Paşa, bursalı Aşiq Yunus, Aşiq Çələbi kimi öz adının qarşısında sufizmdə çox geniş yayılmış “aşiq” sözünü işlədərdi.
Türk Dil Qurumu “Erkək İsmləri Sözlüyü”nə görə isə “əmrə” ismi xalq şairi (ozan), aşıq, qardaş, arkadaş anlamlarına gəlməkdədir. Ancaq bu mülahizə də sırf nəzəri səciyyə daşıyır və sübutlarla təsdiq olunmur. Ən başlıcası isə bu isimlərdən heç biri “əmrə” sözünə şairin özünün verdiyi mənalara uyğun gəlmir. Məsələn, qəzəllərindən birində Yunus deyir:
Hey Əmrəm, Yunus biçarə, bulunmaz dərdimə çarə,
Var imdi, gəz şərdən şərə, şöylə qərib bənciləyin.
Məlumdur ki, Yunus öz ləqəbini iki variantda – “əmrə” və “əmrəm” formalarında işlədir. Burada bu ləqəb ikinci formadadır və “hey əmrəm” ifadəsi “həmişə əmrəyəm” mənasını verir. Əgər buradakı “hey əmrəyəm” ifadəsini “hey aşığam” və ya “hey qardaşam” ifadəsi ilə əvəz etsək, sonuncular misradakı kontekstə uyğun məna verməyəcəklər.
Əliəkbər Dehxuda isə özünün məşhur “Lüğətnamə” əsərində qədim mənbələrə əsaslanaraq ərəb kökənli “əmrə” sözünün mənasını belə izah edir: “süst”, “itaətli”, “müti”, “hər kəsin əmrinə, buyruğuna tabe olan adam”. Bu izahatdan belə görünür ki, “əmrə” sözü indi də Azərbaycan dilində işlənən “əmrə müntəzir” ifadəsinin sinonimidir. Belə halda isə “hey əmrəm” ifadəsi “həmişə əmrə müntəzirəm” mənasını bildirəcəkdir ki, bu da yuxarıda göstərilən beytin ümumi mənasına tamamilə uyğun olacaqdır.
Bu mənada “əmrə” ləqəbi sufizmin təməl prinsiplərinə də tam uyğun gəlir. Sufizm qaydalarına əsasən mürid (şagird, tələbə) özünü təkmilləşdirmə yolu ilə Tanrıya qovuşmaq işinə başlayarkən bir neçə mərhələdən keçməlidir. Bu mərhələləri adlamaq üçün isə mürid öz mürşidi (müəllimi, rəhbəri) və ya şeyxi qarşısında öhdəliklər götürməlidir ki, o, mürşidin bütün tapşırıqlarını və tələblərini sözsüz, mütləq surətdə yerinə yetirəcək və öz iradəsini mürşidin və Tanrının iradəsinə tabe edəcəkdir. Özünün dediyinə görə, Yunus Əmrə də sədaqətli mürid kimi təqribən 40 il ərzində öz mürşidi Tapduq Əmrənin “qapısında qul kimi” xidmət etmişdir.
Yunus Əmrə şeirlərində “əmrə” ləqəbindən əlavə daha bir sıra epitetlərdən istifadə etmişdir. Onların arasında “miskin” (yoxsul) və “biçarə” (çarəsiz) epitetləri üstünlük təşkil edir. Orta əsrlərdə belə ləqəblərdən istifadə etmək adi hal idi. Buna nümunə kimi Qul Əli, Miskin Abdal, Qurbani, Xəstə Qasım, Gəda Muslu, Natəvan (zəif, gücsüz) kimi təxəllüs və ləqəbləri göstərmək olar. Sufi ədəbiyyatında isə belə epitet və ləqəblər o zamanlar bir növ təvazökarlıq və itaətkarlıq rəmzinə çevrilmişdilər.