YUNESKO-ya üzv dövlətlər süni intellektin inkişafı üçün ilk qlobal etik standartları qəbul ediblər.
AzerTimes-ın məlumatına görə, bu barədə təşkilatın mətbuat xidməti bildirib.
Məlumatda qeyd olunub ki, tövsiyyələr insanlara süni intellektin cəmiyyətə gətirdiyi faydaları əldə etməyə və bu texnologiyalarla bağlı riskləri azaltmağa kömək etmək məqsədi daşıyır.
Vurğulanıb ki, süni intellekt cəmiyyətin üzləşdiyi mürəkkəb problemləri, xüsusən də xərçəngin müalicəsi, aclıqla mübarizə və yardımın ehtiyacı olan ölkələrə daha səmərəli paylanmasında, həll edə bilər.
Press-relizdə qeyd olunub ki, “eyni zamanda, bu texnologiyalar “məxfiliyə təhlükə” və “kütləvi nəzarətin təşkili təhlükəsi” kimi görünməmiş çağırışları yaradır”.
Xüsusilə, tövsiyələr şirkətləri və dövlətləri fərdi məlumatların qorunmasının effektivliyini artırmağa çağırır.
Tövsiyələrin digər müddəası kütləvi müşahidənin təşkili üçün süni intellektdən istifadənin qadağan edilməsi ilə bağlıdır.
Sənəddə həmçinin iqlim dəyişikliyi ilə mübarizədə süni intellektdən fəal istifadəyə çağırış da yer alıb.