Yunanıstanın Azərbaycandakı səfiri ADU-da olub (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla görüşüb.

Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, iki ölkə arasında mövcud olan müxtəlif istiqamətli münasibətlərdən danışıb. ADU haqqında səfirə məlumat verən Kamal Abdulla bildirib ki, təhsil ocağı Azərbaycanın xarici dillər istiqamətində formalaşmış xüsusi universitetidir:

“Bizim universitetdə 20-dən çox dil və mədəniyyət mərkəzi var. Onlar dünya dillərinin Azərbaycanda təbliği ilə məşğul olurlar və eyni zamanda bu dillər ixtisas kimi tədris olunur. Burada nəinki Avropanın baza dilləri, eyni zamanda uzaq və yaxın Şərq dilləri də ixtisas kimi tədris edilir. Məsələn, İndoneziya, yapon, Çin, Koreya dilləri öyrənilir. Yunan dilinin tədrisi yeni başlayıb. İnanıram ki, bu istiqamətdə öz hədəflərimizə çata biləcəyik. Bu, bizim üçün vacibdir. Çünki xalqlarımız arasında qədim tarixə söykənən mədəni-ədəbi əlaqələr, mifologiyalarımız arasında böyük bağlılıq var. Bir daha universitetimizə xoş gəlmisiniz. Böyük və möhtəşəm mədəniyyətə malik ölkənin nümayəndəsi ilə əməkdaşlıqdan çox şadıq. Ümid edirəm, bizim yunan universitetləri və mərkəzləri ilə əlaqələrimizin mövcudluğu və möhkəmlənməsində öz köməkliyinizi əsirgəməyəcəksiniz”.

Kamal Abdulla daha sonra diplomata ADU-da fəaliyyət göstərən “Səfir saatı” layihəsi haqqında məlumat verib və ənənəvi təhsilin bərpasından sonra onu tələbələrlə görüşə dəvət edib. Görüşdə eyni zamanda qonağa “Kitabi-Dədə Qorqud” dastanı və yunan miflərinin birgə öyrənilməsi üçün müştərək elmi konfransların təşkili də təklif edilib.

Nikolaos Piperiqkosla Yunanıstan və Azərbaycan arasında mövcud olan əlaqələrdən danışıb, ölkəmiz haqqında xoş təəssüratını bölüşüb. ADU-da olmaqdan məmnun olduğunu deyən səfir universitetin elmi potensialını yüksək qiymətləndirib: “Bütün görüşlərimdə azərbaycanlıların isti münasibətini hiss edirəm. Bizim Qafqazla Prometeydən başlanan mifoloji bağlantımız var. Əminəm ki, ölkələrimiz arasında universitetlər müstəvisində, eyni zamanda digər istiqamətlərdə olan əməkdaşlıq daha da inkişaf edəcək. Bu, çox vacibdir. Yalnız sıx əlaqələr, qarşılıqlı əməkdaşlıqla öz böyük məqsədlərimizə nail ola bilərik”.

Daha sonra ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov və Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova Yunanıstan və Azərbaycan universitetləri arasında olan tələbə mübadiləsi, ikili diplom, elmi konfransların təşkilinin perspektivləri haqqında öz fikirlərini bildiriblər.

Teqlər: