Yunanıstan-Bolqarıstan interkonnektorunun vaxtında istismara verilməsi üçün işlər görülür – ICGB

Xəbər - Ləman Zeynalova – Trend:

Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisini həyata keçirən ICGB AD layihə şirkəti AVAX podratçı şirkətinin işinin sürətləndirilməsi, işlərin vaxtında başa çatması və layihənin əvvəlcədən planlaşdırıldığı kimi 2022-ci ilin iyulunda istismara verilməsi üçün müqavilə üzrə bütün vasitələrdən istifadə etmək qərarı verib.

Bu barədə Trend-ə layihə şirkətindən bildiriblər.

“ICGB-nin bütün səyləri COVID-19 pandemiyası, qlobal tədarük zəncirindən yaranmış problemlər və podratçının məhsuldarlığı ilə əlaqədar qeydə alınan ləngimələrə baxmayaraq, bu müddətin uzanmamasına yönəlib. Təəssüf ki, logistika ilə bağlı problemlər qalmaqdadır və podratçı vacib avadanlıqların tədarükündə çətinliklər yaşayır”, – deyə şirkətdən bildiriblər.

Qeyd olunub ki, hazırda şirkət IGB-nin vaxtında istismara verilməsi üçün daha qısa müddətə hansı proseslərin görülə biləcəyi ilə bağlı təhlillər aparır.


Qeyd edək ki, IGB layihəsi “Şahdəniz 2” yatağından hasil olunan Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Layihənin ilkin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edəcək. Gələcəkdə bu göstəricinin ildə 5 milyard kubmetrədək artırılması planlaşdırılır.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: