Yunanıstanın baş naziri Kiriakos Miçotakis ölkənin kəşfiyyat orqanlarından potensial siyasi rəqiblər, nazirlər, jurnalistlər və iş adamları da daxil olmaqla onlarla insanları qanunsuz dinləmək üçün istifadə edib.
AzerTimes xəbər verir ki, bu barədə “Dokumento” məlumat yayıb.
Qeyd olunub, “Miçotakis siyahısı”nda milli təhlükəsizlik bəhanəsi ilə dinlənilən 33 nəfərin adı var.
Keçmiş baş nazir Antonis Samaras, Nazirlər Kabinetinin hazırkı üzvləri və bir çox başqa siyasətçilər, jurnalistlər və nüfuzlu şəxsiyyətlər üçün müşahidə aparıldığı qeyd edilir.
“Heç kim inanmayacaq ki, bəzi şəxslər dövlətin təhlükəsizliyi ilə bağlı bütün anlayışları pozaraq, keçmiş baş naziri, hökumət nazirlərini və mülki müdafiə nazirini dinləmək qərarına gəliblər”- məqalədə vurğulanıb.
Nəşrin müəllifləri dinləmələrin “Predator” zərərli proqramı vasitəsilə aparıldığını da bildiriblər.