Yumurta çox faydalı diyetik məhsuldur. Lakin onu da nəzərə almaq lazımdır ki, yumurtanın əsas faydalı xüsusiyyətləri onun sarısında cəmləşib.
Yumurtanın ağında, demək olar, yalnız zülal var. Yumurtanın sarısı isə əsl vitamin və mineral anbarıdır.
Gözdən keçirək:
– cavanlaşdırıcı və bərpaedici A vitamini,
– sinir və qan sisteminin normal fəaliyyəti üçün olduqca vacib olan B qrupu vitaminləri (B1, B2, B5, B9 – fol turşusu, B12),
– sümüklərin sağlamlığını təmin edən D vitamini
– və həmçinin kalsium, dəmir, fosfor, maqnezium, kalium, sink kimi minerallar,
– beyin üçün olduqca faydalı olan xolin və lesitin maddələri,
– insultdan və infarktdan qoruyan Omeqa-3 yağlı turşusu.
Beləliklə, yumurtanın sarıs, təbii ki, ağından qat-qat faydalıdır.
Əvvəllər belə hesab olunurdu ki, yumurta sarısının istehlakı qanda xolesterolun səviyyəsini qaldırır. Lakin sonrakı araşdırmalar göstərib ki, bu belə deyil. Amerikanın Konnektukut Universitetinin alimləri xüsusi eksperiment aparıblar: eksperimentin bir qrup iştiraçıları hər gün yumurta yeyirdi, digər qrup isə yumurta yemirdi. Araşdırmadan əvvəl və araşdırmanın sonunda iştiraçıların qanında olan xolesterolun səviyyəsi ölçülüb. Nəticədə məlum olub ki, yumurtanın istehlakı xolesterolun səviyyəsini qaldırmır.
Digər araşdırma göstərib ki, yumurtanın istehlakı əzələ kütləsinin artmasını sürətləndirir. Bu xüsusilə idmanla məşğul olan kişilər üçün vacibdir.
Yumurtanın sarısı uzunmüddətli bişirilməni “xoşlamır”, bu zaman onun tərkibində olan bəzi faydalı maddələr parçalanır. Bu səbəbdən yumurtanı 3-4 dəqiqə qaynatmaq kifayətdir.