Xəbər - Samir Əli – Trend:
Uzun müddətli karantin rejimi dövründə vətəndaşlarımızın adət etdiyi fərdi qorunma vərdişləri belə bir arzuolunmaz nəticələrdən kənar olmağa imkan verəcək.
AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev deyib.
O bildirib: “COVID-19 pandemiyasının davam etdiyi bir ildən artıq müddətdə müxtəlif dünya ölkələrində karantin rejiminin yumşalmalarının insanlarda “təhlükəsiz şərait” təəssüratını yaratdığının və belə bir vəziyyətdə insanlarda yaranan arxayınlığın COVID-19-un yayılmasının qarşısını almaqda həlledici rolu olan profilaktika tədbirlərinə (sosial məsafə, maskadan düzgün istifadə, qapalı otaqların havasının dəyişdirilməsi, əl gigiyenası, respirator etiket qaydaları, kütləvi tədbirlərdə olmaqdan çəkinmə) əməl edilməməsinə səbəb olmaqla xəstəlik hadisələrinin yenidən artmasına şərait yaratmasının şahidi olmuşuq. Lakin inanırıq ki, artıq uzun müddətli karantin rejimi dövründə vətəndaşlarımızın adət etdiyi fərdi qorunma vərdişləri belə bir arzuolunmaz nəticələrdən kənar olmağa imkan verəcəkdir”.
V.Abdullayevin sözlərinə görə, may ayı ərzində COVID-19 infeksiyasına yoluxma hallarının səviyyəsinin ölkə əhalisi arasında sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunub və yoluxmalar ailə və qohumluq əlaqəsi olan insanlar arasında daha çox qeydə alınıb:
“Bu da onu deməyə əsas verir ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkəmizin COVID-19 infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar”.