Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ölkədə SMS icazə sistemi ləğv olunduqdan sonra, dəmir yollarından gündəlik istifadə edənlərin sayı çoxalıb.
Bunu AzerTimes-ın sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Qeyd olunub ki, sərnişindaşımada 50% artım qeydə alınıb:
“Xüsusi karantin rejimi günlərində Bakı-Sumqayıt-Bakı qatarlarından gündəlik 4000-dən çox sərnişin istifadə edib. Yanvarın 18-dən, SMS icazə ləğv olunduqdan sonra gün ərzində bu istiqamətdə hərəkət edən sərnişinlərin sayı təqribən 6000 nəfərdən çox olub”.
Dekabrın 14-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqindən əvvəl Bakı-Sumqayıt-Bakı istiqamətində gün ərzində qatarla 7000-dən çox sərnişin hərəkət edib.