“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı keçirilib.
AzerTimes xəbər verir ki, iştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 16:00 olmaqla, iki sessiyada təşkil edilib.
Onlayn mərhələnin ilk sınaq imtahanında 6 469 nəfər iştirakçı iki sessiyada sualları cavablandırıb. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər olmaqla 4 blok üzrə aparılıb. Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat vaxt ayrılıb. “Yüksəliş” müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi, sosial şəbəkələr və elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq iştirakçılara dəstək göstərilib. Ümumi biliklər üzrə onlayn mərhələnin əsas imtahanı 16 aprel tarixində baş tutacaq.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.