“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin keçirilmə tarixləri açıqlanıb

“Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin keçirilmə tarixləri bəlli olub. 27-28 iyun 2021-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan yarımfinal mərhələsində 309 namizəd iştirak hüququ qazanıb.

AzerTimes-ın məlumatına görə, yarımfinal mərhələsi 2 gün davam edəcək və 100-ə yaxın iştirakçı final mərhələsinə keçmək haqqı əldə edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsində iştirakçıların idarəçiliklə bağlı komtepensiyaları əsasında qiymətləndirmə aparılacaq. Qiymətləndirici ekspertlərin təlimatlandırılması istiqamətində xarici mütəxəssislər tərəfindən təlimlər keçiriləcək.

Yarımfinal mərhələsi TƏBİB-in “İmtahanlar zamanı koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil ediləcək.

Hazırda müsabiqə iştirakçılarının sosial məsafə gözlənilməklə imtahan məkanında yerləşdirilməsi istiqamətində planlama işləri görülür. Bununla yanaşı, müsabiqənin iştirakçılarından COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı ilə bağlı məlumatlar toplanılır, həmçinin müsabiqənin İşçi qrupu heyətinin COVID-19 əleyhinə vaksinasiyası ilə bağlı işlər aparılır.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Teqlər: