“Yüksəliş” müsabiqəsinin qalibi ilə icra olunan mentorluq proqramı uğurla davam edir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva növbəti dəfə “Yüksəliş” müsabiqəsinin
qalibi Ləman Qafarzadə ilə görüşüb.
Görüşdə əlilliyi olan şəxslərin hüquqlarına dair layihənin
hazırlanması və icra olunması istiqamətində müzakirə aparılıb,
layihənin məqsədi, vəzifələri, hədəf qrupu, tərəfdaş kimi cəlb
edilə biləcək qurumlar və nəticələrlə bağlı məsələlər barədə
qarşılıqlı razılığa gəlinib. Eyni zamanda, L.Qafarzadə əlilliyi
olan şəxslərin hüquqları sahəsində Müvəkkilin təcrübəsi ilə daha
yaxından tanış olaraq, müvafiq layihənin həyata keçirilməsi ilə
bağlı materiallar əldə edib.

Qeyd olunmalıdır ki, mentorluq proqramı çərçivəsində iki ay
ərzində fəaliyyət planına uyğun olaraq bir sıra görüşlər baş tutub,
insan hüquqlarının müdafiəsi və təbliği istiqamətində birgə
əməkdaşlıq həyata keçirilib. Belə ki, L.Qafarzadə Ombudsman və onun
Milli Preventiv Qrupunun üzvləri ilə birlikdə başçəkmədə iştirak
edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına
çatmayanlar üçün Tərbiyə müəssisəsində və qadın məhkumlar üçün
nəzərdə tutulmuş 4 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilən
başçəkmələr zamanı L.Qafarzadə insan hüquqlarının müdafiəsi və
təbliği ilə bağlı praktiki təcrübə qazanıb. Hər iki başçəkmə ilə
bağlı məlumat Ombudsmanın rəsmi internet səhifəsində və sosial
şəbəkə hesablarında, həmçinin kütləvi informasiya vasitələrində
yayımlanıb.

Teqlər: