“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatdı (FOTO)

May ayının 8-də “Yüksəliş” müsabiqəsinin Onlayn mərhələsinin son
turu olan “Qabiliyyət üzrə imtahan”ı keçirilib.

Trend xəbər verir ki, iştirakçıların istənilən məkandan onlayn
formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla, iki sessiyada
təşkil edilib.

Onlayn mərhələnin ilk turundan uğurla keçən 6041 namizəd
Qabiliyyət üzrə imtahanda iştirak edib. İmtahanda verbal və
rəqəmsal məlumatlarla işləmək bacarığının, abstrakt və məntiqi
düşüncənin yoxlanılması üzrə 3 bölmədə suallar təqdim edilib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin Onlayn mərhələsinin hər
iki imtahanı Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində
təşkil olunub. Onlayn mərhələni başa vuran iştirakçıların
“Qabiliyyət üzrə imtahan” nəticələri T-şkala əsasında hesablanaraq
növbəti həftə ərzində şəxsi kabinet vasitəsilə təqdim ediləcək.

Qarşıda iştirakçıları 3 mərhələ – əyani, yarımfinal və final
mərhələləri gözləyir.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi
rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət
xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr
ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı
gözləyir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik
bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən
edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Teqlər: