10-11 iyul tarixlərində “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçiriləcək.
AzerTimes-ın məlumatına görə, final mərhələsində müsabiqənin yarımfinalını uğurla başa vuran 112 nəfər iştirak hüququ qazanıb.
Müsabiqənin İşçi Qrupu yarımfinal və final mərhələlərinin hazırlığı məqsədilə iyunun 24-27 tarixlərində peşəkar ekspert heyətinin iştirakı ilə təlimlər təşkil edib. Ekspertlər qiymətləndirmə sahəsində geniş təcrübəyə malik peşəkar psixoloqlar və Azərbaycanın qabaqcıl dövlət və özəl təşkilatlarının insan resursları üzrə mütəxəssisləridir.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, müsabiqənin yarımfinal və final mərhələləri “qiymətləndirmə konfransı” (assessment conference) formatında keçirilir. Bu təcrübə ABŞ, Rusiya, Avropa ölkələrində geniş yayılıb və böyük sayda insanların potensialını qiymətləndirmək üçün istifadə olunur. Bu formatın Azərbaycanda ilk dəfə “Yüksəliş” müsabiqəsində tətbiq olunduğunu vurğulayan Fərhad Hacıyev belə imtahan üsulunun ölkəmizdə insan resursları (HR) sahəsinin inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə edib.
Finalda iştirakçıların 9 səriştəsi (strateji düşünmək, iş icrasının idarə edilməsi, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, innovativliklərin tətbiqi, büdcənin idarə edilməsi bacarıqları və sosial məsuliyyət) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə təqdim edilən keyslər üzərində aparılacaq. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl format üzərində hazırlanıb, Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahəsini əhatə edir.
Qeyd edək ki, final mərhələsinin yekununda 20-ə yaxın qalib elan olunacaq və qaliblərin hər birinə 20 min AZN məbləğində qrant təqdim ediləcək.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.