Fevralın 19-da “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib.
AzerTimes-ın məlumatına görə, 200-dən çox iştirakçının qatıldığı vebinarda energetika naziri Pərviz Şahbazov “Zamanın idarə olunması” mövzusunda təqdimatla çıxış edib. Vebinarın moderatoru “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev olub.
Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan və dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin ölkəmizdə peşəkar kadr potensialının aşkara çıxarılması istiqamətində əhəmiyyətli təşəbbüs olduğunu qeyd edib. Nazir bildirib ki, müsabiqəyə müraciətlərin, marağın çox olması layihənin uğurlu təşkilatçılığının göstəricisidir.
Nazir, həmçinin qeyd edib ki, hansı sahədə çalışmasından asılı olmayaraq, gələcək barədə aydın hədəfi olmaq və bu hədəfi reallaşdırmaq üçün doğru qərarlar qəbul etmək hər bir menecerin, idarəedicinin uğurunun ilk şərtidir. O deyib: “Yaxın tarixə nəzər salsaq, ulu öndər Heydər Əliyevin hakimiyyət karyerası bu baxımdan parlaq nümunələrlə zəngindir. Ulu Öndərin hələ sovet dövründə Azərbaycanın gələcəyi ilə bağlı strateji baxışları və buna yönəlik qərarları o dövrdə olduğu kimi, müstəqillik illərində də öz bəhrəsini verir. Onun təxminən 20-25 il əvvəl imza atdığı layihələr bu gün və gələcək üçün davamlı nailiyyətlərin mənbəyidir”.
Pərviz Şahbazov vurğulayıb ki, müasir zamanda idarəçiliyin əsasını həm də uğurlu kommunikasiya təşkil edir. Nazir iştirakçılara tövsiyələrində bildirib ki, peşəkarlıq, hər bir görülən işdə hədəflərə çatmaq üçün səbirli davranmaq, ətrafındakıların fikirlərindən yararlanmaq, çox işləmək, özünə inanmaq inkişaf üçün çox vacibdir. Liderliyin mərkəzində dayanan keyfiyyətlər isə doğruluq, düzgünlükdür.
Energetika naziri Pərviz Şahbazov sonda yarımfinala yüksələn iştirakçılara təbriklərini çatdırıb və uğurlar arzulayıb. Pərviz Şahbazov Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan “Yüksəliş” müsabiqəsinin milli və dövlətçilik dəyərlərimizə, qanunlara hörmətlə yanaşan, üzərinə düşən vəzifəni vicdanla yerinə yetirən, bu meyarları əsas tutan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi istiqamətində ümidləri doğruldacağına inamını ifadə edib.
Vebinar müsabiqənin əyani mərhələsində iştirak edən namizədlər üçün nəzərdə tutulub və qapalı şəraitdə keçirilib. İştirakçılarla qarşılıqlı müzakirə formatında aparılan vebinarda, həmçinin onların sualları cavablandırılıb.
Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarlar təşkil edir.
Hazırda “Yüksəliş” müsabiqəsinin əyani mərhələsi yekunlaşıb və növbəti yarımfinal mərhələsində 300-ə yaxın namizəd iştirak hüququ qazanacaq.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis olunub.