Prezident İlham Əliyevin tapşırığına əsasən, müharibə
əlillərinin yüksək texnologiyalı müasir protezlərlə təminatı
sahəsində ardıcıl işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlik
tərəfindən 2020-ci ilin dekabr ayında bu istiqamətdə işlərə
başlanıb. Ötən dövrdə 44 günlük Vətən müharibəsinin 188 qazisi 196
ədəd yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin
olunub.
Eləcə də I Qarabağ müharibəsində, Vətən müharibəsinə qədərki
dövrdə hərbi əməliyyatlarda, habelə hərbi xidmət vəzifələrini
yerinə yetirməklə əlaqədar əliliyi müəyyən olunmuş 75 hərbçinin də
80 ədəd həmin protezlərlə təminatı həyata keçirilib.
Beləliklə, 263 müharibə əlili yüksək texnologiyalı 276 ədəd
müasir 4-cü nəsil protezlə təmin edilib.
Bu protezlərlə təminat Nazirliyin tabeliyindəki Dövlət
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində həyata
keçirilir.
Təqdim edilən “Genium” tipli yüksək texnologiyalı protezlər
aktivlik və funksionallığı ilə seçilir. Həmin protezlər
istifadəçiyə köməkçi vasitələr olmadan sərbəst və inamlı hərəkətə,
hərəkətin tam və daha dəqiq tənzimlənməsinə imkan verir.