Yüksək keyfiyyətli dizelin istehsalı 2022-ci ildə planlaşdırılır – SOCAR

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, respublikanın AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.

Bu barədə AzerTimes-a şirkətdən bildirilib.

SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiyası çərçivəsində indiyə qədər:
 1.471.000 m3 həcmində sahədə hazırlıq (qazma, yenidən doldurma) işləri,
 124.000 ton betontökmə,
 21.000 ton metalkonstruksiya işləri görülüb;
 526.000 diametr-düym boru qaynaq olunub;
 445.000 km kabel xətti çəkilib;
 458 avadanlıq quraşdırılıb;
 Ümumilikdə indiyə qədər 23 milyon adam-saat iş görülüb. Bu, yeni tikilmiş SOCAR Polymer kompleksi və ya Karbamid zavodunun inşasına sərf edilmiş iş həcmindən çoxdur və NEZ-in modernizasiyasının miqyasının nəhəngliyini göstərir.
Modernizasiya mərhələli şəkildə həyata keçirilir. Xatırladaq ki, 2018-ci ilin sonunda layihə çərçivəsində istehsal gücü illik 400 min ton olan yeni bitum qurğusu və yeni maye-qaz (LPG) doldurma məntəqəsi tam olaraq istismara qəbul edilmişdir. Hazırkı mərhələdə 12 yeni qurğu inşa edilərək, istismara veriləcək, 5 əsas qurğuda isə müəyyən bərpa işləri görüləcəkdir. Bu isə zavoddakı qurğuların 65%-nin yeni qurğularla əvəzlənməsi deməkdir. Hazırkı mərhələnin sonunda zavodda 22 əsas texnoloji qurğu fəaliyyət göstərəcəkdir. Ümumzavod təsərrüfatı və mövcud infrastrukturun 70%-i isə tam yenilənəcəkdir. Ümumzavod təsərrüfatının yenilənməsi çərçivəsində ən mühüm sahələrdən biri çirkab suların təmizlənməsi sahəsi və yeni məşəl sisteminin inşasıdır ki, ətraf mühitə mənfi təsirləri xeyli azaldacaq. Layihənin hazırkı mərhələsinə həmçinin müxtəlif təyinatlı boru kəmərləri, kabel xətləri, yeni laboratoriya, elektrik yarımstansiyalar və yeni çənlər parkının tikintisi də daxildir.
2020-ci ildə Covid-19 pandemiyası layihənin bir qədər gecikməsinə səbəb olmuş və yeni qrafikin qəbul olunması labüdləşmişdir. 2020-ci ildə aparılan texniki təftiş və modelləşmə işləri nəticəsində layihənin cari mərhələsi çərçivəsində NEZ-də Avro 5 benzin istehsalının təmin edilməsi məqsədi ilə 3 yeni qurğunun – amin təmizləmə (maye qazların kükürddən təmizlənməsi), LPG Merox (maye qazların ilkin təmizlənməsi və merkaptanlardan təmizlənməsi), benzin hidrotəmizləmə (katalitik krekinq qurğusundan alınan benzin fraksiyasının hidrotəmizlənməsi) qurğularının inşasının vacibliyi müəyyənləşdirilmişdir. Bu qurğunun inşası Avro 5 keyfiyyətinə cavab verən benzinin istehsalı baxımından zəruridir.
Yeni qrafikə əsasən NEZ-də Avro 5 tələblərinə cavab verən dizel istehsalına başlanılması 2022-ci ilin ortalarına nəzərdə tutulur. Sonrakı dövrdə yeni qurğuların ard-arda istismara verilməsi ilə istehsal olunan benzinin də keyfiyyətinin tədricən artırılması və 2023-cü ildə Avro 5 standartına çatdırılması planlaşdırılır. Bununla modernizasiyanın hazırkı mərhələsi başa çatdırılacaq. Bundan sonra NEZ-də Ai-92 və Ai-95 markalı benzin istehsal olunacaq.
Layihə üzrə işlərin sürətləndirilməsi üçün ötən il beynəlxalq təcrübəli mütəxəssislərdən ibarət SOCAR Downstream Management şirkəti yaradılmış, SOCAR-ın Türkiyə ofisindən bır sıra təcrübəli mütəxəssislər işlərə cəlb olunmuşdur. SOCAR Downstream Management tərəfindən tərtib edilmiş “İstismar mükəmməlliyi” proqramı çərçivəsində gənc mütəxəssislər təcrübə mübadiləsi üçün SOCAR-ın Türkiyədəki STAR Neft emalı zavoduna təlimlərə göndəriləcəkdir.

Qeyd edək ki, beynəlxalq şirkətlər tərəfindən zavodun əsas qurğularında aparılmış son təftiş nəticəsində NEZ-in keçən əsrin 70-80-cı illərində inşa olunmuş bir neçə əsas qurğunun, o cümlədən neftin ilkin emalı qurğusunun istismar müddətinin sona yaxınlaşması nəzərə alınaraq, həmin qurğuların da yeniləri ilə əvəz edilməsini tövsiyə olunmuşdur. Bununla əlaqədar SOCAR tərəfindən müvafiq ilkin tədqiqat və layihələndirmə işlərinə başlanılmışdır. Aparılan tədqiqatın nəticələri və müvafiq təkliflər şirkətin Müşahidə Şurasına təqdim ediləcəkdir.

Teqlər: