Bakı-Qazax yolunda yük avtomobilinin təkərinin partlaması səbəbindən baş verən qəza zamanı azyaşlı qız həyatını itirib.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, qoşqulu yük avtomobilinin təkərinin partlaması səbəbindən minik avtomobili ilə toqquşma baş verib, minik avtomobilində olan azyaşlı qız həyatını itirib, onun anası, bacısı və digər qohumu isə xəsarət alıb.
“Nəqliyyat vasitələrinin texniki sazlığının nəzarətdə saxlanılmaması, eləcə də vaxtında texniki qulluq göstərilməməsi son nəticədə ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının baş verməsinə rəvac verir. BDYPİ qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır”, – məlumatda qeyd olunub.