Yoxsa Nikol bəyanatdan imzasını geri çəkmək istəyir?

Yoxsa Nikol bəyanatdan imzasını geri çəkmək istəyir?

Məhz Rusiya 2020-ci ilin payızında (10 noyabr – red.) Dağlıq Qarabağda atəşkəs əldə edə və regionda sülhü bərpa edə bildi. Bunlar kağız üzərində qeydə alınıb, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatında əks olunub.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın 2020-ci il oktyabrın 19-da Qarabağda müharibəni niyə dayandırmağın mümkün olmadığı barədə bəyanatını şərh edərkən deyib.

O bildirib ki, əslində, daxili debatlara münasibət bildirmək niyyətində deyil:

“Eyni zamanda, əlbəttə ki, ən yüksək səviyyədə konfidensial danışıqların təfərrüatı da mənim səlahiyyətimdə deyil. Buna baxmayaraq, diqqətinizə çatdırıram ki, daxili siyasi müzakirələr nə qədər qızğın olsa da, həqiqət var, çünki bu, faktlara əsaslanır. Məhz Rusiya 2020-ci ilin payızında Dağlıq Qarabağdakı müharibəni dayandıra və regionda sülhü təmin edə bildi”.

Zaxarova vurğulayıb ki, hər üç tərəf üzərində işlədikdən sonra bəyanat qəbul edilib:

“Bunu necə başqa cür adlandırmaq olar? Axı bu bəyanatlar hər üç tərəfdə hazırlanandan sonra qəbul edilib? Yoxsa kimsə o vaxt razılaşdırılan sənədlərdən imzasını geri götürmək istəyir? Düşünmürəm”.

Zaxarova qeyd edib ki, diqqəti həmin hadisələrə görə məsuliyyət daşıyanların tapılmasına deyil, 2020-ci ildən etibarən ən yüksək səviyyədə üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsinə yönəltmək lazımdır:

“Mənə elə gəlir ki, diqqəti həmin hadisələrin səbəbkarlarını tapmağa yönəltmək lazım deyil, bu işi tarixçilərin öhdəsinə buraxmaq lazımdır. Biz diqqəti 2020-ci ildən 2022-ci ilə qədər olan dövrdə ən yüksək səviyyədə üçtərəfli sazişlər kompleksinin həyata keçirilməsinə yönəltməliyik. Onlar fundamentaldır, alternativi yoxdur – çünki onlar yol xəritəsi kimi fundamentaldır: bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesidir”.

Teqlər: