Fevralın 29-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılmış və yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin X sinfə qəbulu, dərslərin əvəzolunması, dərs bölgüsü, dərnəklərin təşkili və keçirilməsi, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.
Bu barədə AzerTimes-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Elza Abdullayeva 07 mart 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir.