Yumşaldılmalar zamanı tətbiq edilmiş qaydalara riayət etməyən bəzi vətəndaşlarımız çox təəssüflər olsun ki, saxta yollarla COVID pasportu əldə etdilər.
Bunu AzerTimes-a millət vəkili Naqif Həmzəyev deyib.
Millət vəkili əlavə edib ki, düzdür, bunu həyata keçirən bir çox şəxslər cəzalandırılsa da nəticə etibarilə onlar bu prosesə ciddi yanaşmadılar: “Çox təəssüflər olsun ki, toy şənliklərinə nəzarət mexanizmi tam olaraq həyata keçirilmədi. 150 nəfərə icazə verilsə də əksər rayon yerlərində bu say daha çox oldu. COVID pasportu olmayan, həqiqətən də vaksin vurdurmayan şəxslər toy məclislərində iştirak etdilər. Nəticədə bu cür kütləvi tədbirlər yoluxmanın artmasına gətirib çıxardı. Yoluxmanın artması hər kəs üçün bir siqnal olmalıdır. Əks təqdirdə biz, ötən il başladığımız yerə qayıtmalı olacağıq. Belə olduqda ötən illər ərzində aparılan mübarizə, çəkilən xərclər hədər gedəcək. Ona görə də hər kəs vaxt itirmədən covid peyvəndlərindən hər hansı birini vurdurmalıdır. Çalışmalıyıq ki, qaydalara riayət edək və ictimai yerlərdə sosial məsafəni qoruyaq. Əks halda havalar soyuduqca daha acınacaqlı vəziyyətlə qarşılaşa bilərik ki, bu da istər-istəməz hər birimizə mənfi təsir göstərəcək. Çalışmalıyıq ki sərt qapanmalara gedilməməsi üçün hər kəs peyvənd olunsun. Bilirsiniz ki, ikinci vaksini vurdurandan 6 ay sonra antitel azalır, bu da həmin şəxslərin də yenidən virusa yoluxma təhlükəsinı artırır. Əksər dövlətlərdə artıq 3-cü doz vaksinlərin vurulmasına start verilib. Delta ştammı da daha sürətlə yayılır. Bunun qarşısını almaq üçün mən 3-cü doz vaksin də vurdurdum. Məqsədim odur ki, yenidən koronavirusa yoluxmayım. Antiteli aşağı olan vətəndaşlara da tövsiyə edirəm ki, əgər 6 ay tamam olubsa 3-cü doz vaksin də vurdursunlar. İstər istəməz bu virusdan qorunmağıln yeganə yolu vaksin vurdurmaqdır”.