Yol polisi rayonlardan qayıdan sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar
səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən AzerTimes-a daxil olan
müraciətdə bildirilir ki, Novruz bayramı ilə əlaqədar müəyyən
edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər
etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil
yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət
intensivliyinin əhəmiyyətli dərəcədə artırmasına səbəb olmuş, bu,
eləcə də son günlər havaların qeyri-sabit keçməsi isə yollarda qəza
ehtimalının yüksəlməsinə təsirsiz ötüşməyib.

“Tətil günlərinin yol qəzası nəticəsində yaranan arzuolunmaz
hadisələr fonunda bitməməsi üçün DİN-in Baş Dövlət Yol Polisi
İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onlardan
təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun, yuxusuz və ya sərxoş
vəziyyətdə nəqliyyat vasitəsi idarə etməkdən çəkinməyi və belə
hallara yol verən sürücülərə qarşı biganə qalmamağı xahiş edir.

Xüsusilə sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl
nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və
hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə
qaydalarına, sürət rejiminə ciddi əməl etməyə, nümunəvi davranışla
digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə qarşı
isə səbrli və təmkinli olmağa çağırırıq.

Uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli
istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında
yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə
bilər”,- müraciətdə bildirilir.

Teqlər: