Novruz bayramı ilə əlaqədar 2022-ci il mart ayının 20-dən 28-dək
qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir
ki, belə uzunmüddətli istirahət günlərində şəhər sakinlərinin
respublikanın müxtəlif regionlarına getməsi, bölgələrdən isə
əhalinin əsasən paytaxta gəlməsi səbəbindən avtomobil yollarında
nəqliyyatın hərəkət intensivliyi əhəmiyyətli dərəcədə yüksəlir.
İdarədən AzerTimes-a daxil olan müraciətdə bildirilir ki, bununla
yanaşı, bəzi sürücülərin tələskənliyi, mövsümi hava və mövcud
hərəkət şəraitini düzgün qiymətləndirmədən ötmə və manevr etmə
qaydalarını pozmaları, eləcə də müəyyən edilmiş sürət həddini
aşmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.
Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının
təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin
olunması, hər kəsin mənzil başına sağ-salamat çatması və bayramı
xoş əhval-ruhiyyədə keçirməsi üçün dövlət yol polisi əməkdaşları
qeyri-iş günlərində gücləndirilmiş iş rejimində xidmət aparacaq,
küçə və yollarda nəzarət gücləndiriləcək.
Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş
Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına, xüsusilə
də sürücülərə yollarda diqqətli olmağı, sükan arxasına yorğun,
yuxulu, dərman preparatlarının təsiri altında və ya sərxoş
vəziyyətdə əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi riayət
etməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki
sazlığını yoxlamağı, piyadalara isə yolu yalnız onlar üçün müəyyən
edilmiş yerlərdən keçməyi, azyaşlı uşaqları küçələrdə nəzarətsiz
qoymamağı tövsiyə edir.
Eyni zamanda texniki baxışdan keçmənin son müddəti qeyri-iş
günlərinə təsadüf edən nəqliyyat vasitələri sahiblərinin və
sürücülərin inzibati məsuliyyətə cəlb edilməmələri üçün paytaxtın
Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Qaradağ
rayonunda yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) Müayinə
Mərkəzi, habelə qeydiyyat hərəkətlərinin aparılması məqsədilə Baş
Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsi və
respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və
texniki baxış şöbələri bayram günləri saat 09:00-dan 18:00-dək
fasiləsiz olaraq fəaliyyət göstərəcək.