Bakı Samir Əli – Trend:
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev AzerTimes-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yaxın saatlarda hava şəraitinin dəyişməsi, şimal-qərb küləyinin güclənməsi gözlənilir.
İdarədən AzerTimes-a verilən məlumatda Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, küləkli hava şəraitində avtomobilin hərəkət istiqamətinin qəfildən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alsınlar, xüsusilə tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən daha diqqətli olsunlar.
“Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçsinlər və nəqliyyat vasitələrini parklayarkən müvəqqəti tikililərin, reklam lövhələrinin, ağacların, həmçinin küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamasınlar.
Bununla yanaşı, güclü külək müşahidə olunan yollarda, xüsusən açıq ərazilərdə yük avtomobillərini (əsasən ot daşıyan), moped və motosiklet tipli nəqliyyat vasitələrini idarə edən şəxslər hərəkətlərini məhdudlaşdırsınlar. Belə hava şəraiti onlar üçün olduqca əlverişsiz və təhlükəlidir. Zərurət olduğu halda yol-patrul xidməti əməkdaşları tərəfindən bu kimi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması da istisna olunmur”-deyə şöbə rəisi qeyd edib”, – deyə qeyd olunur.