Xəbər - Fərid Zöhrabov – Trend:
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə
bağlı hərəkət iştirakçılarına müraciət edib.
BDYPİ-dən Trend-ə
daxil olan müraciətdə deyilir:
“Hazırda paytaxtda, eləcə də respublikanın bir sıra rayonlarında
dumanlı hava müşahidə edilir ki, bu da məhdudiyyətli görünmə
şəraitində yol hərəkəti iştirakçılarına, xüsusilə sürücülərə bir
sıra çətinliklər yaradır.
Qatı duman yol hərəkəti zamanı nişanların, nişanlama xətlərinin,
ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət
iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün
sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini
hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə
xarici işıq cihazlarının sazlığına əmin olmalı, dayanma, durma,
parklanma, eləcə də ötmə və manevr etmə zamanı təhlükəsizlik
qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş
verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.
Eyni zamanda, piyadalar da dumanlı hava şəraitində sürücülərin
yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik
çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət
iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə
havalarda yola çıxarkən daha da məsuliyyətli olmalıdırlar”.