Yol polisi bayramla bağlı sürücü və sərnişinlərə müraciət etdi

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bayramlarla əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən AzerTimes-a daxil olan müraciətdə bildirilir ki, idarə qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə hərəkət iştirakçılarını təbrik edir, bayram günlərinin xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

“Əvvəlki illərin təcrübəsindən məlumdur ki, bayramla əlaqədar qeyri-iş günlərində şəhər sakinləri respublikanın müxtəlif bölgələrində yerləşən istirahət zonalarına, rayonlardan isə əhali paytaxta səfər edir. Bu səbəbdən nəqliyyatın hərəkət intensivliyinin yüksəlməsi müşahidə olunur və bəzi sürücülərin tələskənliyi, mövcud hərəkət şəraitini nəzərə almadan müəyyən edilmiş sürət həddini aşmaları, araməsafəsi, ötmə və manevr etmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır.

Göstərilənləri nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə yol hərəkəti qaydalarını pozmamağı, uzaq məsafələrə günün işıqlı vaxtında yola düşməyi, fasiləsiz uzun müddət avtomobil sürməməyi, səfərə çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, təhlükəsizlik kəmərini özləri ilə yanaşı sərnişinlərin də bağlamasını təmin etməyi, yolboyu nəqliyyat vasitələrinin sürətini və istiqamətini, eləcə də hava şəraitini düzgün qiymətləndirməyi, yuxusuz və sərxoş vəziyyətdə sükan arxasına əyləşməməyi, piyadalara isə səkilərlə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı, yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçməyi tövsiyə edir, “-deyə müraciətdə bildirilir.

Teqlər: