Yığmamız böyük hesabla uduzdu

Yığmamız böyük hesabla uduzdu

Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir.

AzerTimes-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma keçirilib.

Günün ilk matçı “A” qrupunda Bosniya və Herseqovina ilə Litva yığmaları arasında olub. Gərgin mübarizə şəraitində keçən görüş litvalıların 40:37 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca meydançaya “B” qrupunda qərarlaşan İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib – 33:11.

Bu qrupun İsrail – Farer adaları görüşündə “cırtdanlar”ın qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları rəqibini 38:22 hesabı ilə məğlub edib.

Günün son matçında isə Sloveniya komandası Azərbaycan millisinə 58:6 hesabı ilə qalib gəlib.

Sabah Avropa çempionatda daha 4 qarşılaşma baş tutacaq. “A” qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. “B” qrupunda isə Yunanıstan – İsrail və İspaniya – Lüksemburq görüşləri keçiriləcək.

Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.

Teqlər: