Yevlaxda sərxoş şəxsin anasını boğaraq öldürməsi xəbərləri həqiqəti əks etdirmir – Baş Prokurorluq

Yevlax rayonu Kövər kənd sakininin guya sərxoş vəziyyətdə anasını boğaraq öldürməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində guya Yevlax rayon sakininin sərxoş vəziyyətdə anasını boğaraq öldürməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmədiyindən qəti şəkildə təkzib olunur.

Belə ki, avqustun 12-də saat 23 radələrində Yevlax rayonu Kövər kənd sakini 1957-ci il təvəllüdlü Həsənova Gülnaz Möhübbət qızının yaşadığı evdə vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, mərhum Gülnaz Həsənovanın meyitinin xarici müayinəsi zamanı onun bədənində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir.

İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, mərhum Gülnaz Həsənova şəkər və təzyiq xəstəliyi ilə əlaqədar özünü yaxşı hiss etmədiyini bildirərək iynə vurdurmaq üçün qonşuda yaşayan tibb bacısının evinə gedərkən qonşunun qapısının qarşısında huşunu itirərək vəfat etmişdir.

Araşdırma zamanı mərhumun oğlunun və digər şəxslərin izahatları alınmış, Gülnaz Həsənovanın ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilmişdir.
Hazırda Yevlax rayon prokurorluğunda araşdırma davam etdirilir.

Təəssüflə qeyd edilməlidir ki, qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara söykənmədən sensasiya naminə yazılmış məlumatların düzgünlüyünün Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi dəfələrlə xahiş olunsa da, bəzi kütləvi informasiya vasitələri tərəfindən etik və qanunvericilik normalarının pozulması hallarına yol verilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu hər kəsi bu növ rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatları yaymaqdan çəkinməyə çağırır.

Teqlər: