Xəbər - Ceyhun Ələkbərov – Trend:
Yevlax şəhərində yeni 9 mərtəbəli yaşayış binası istifadəyə verilib.
Yevlax Şəhər İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, Nizami prospekti 19 saylı ünvanda qəzalı vəziyyətdə olan 10 ədəd barak binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsait hesabına Yevlax şəhəri Heydər Əliyev prospekti 11 ünvandakı 0,5 ha sahədə 9 mərtəbəli yeni yaşayış binası inşa edilib.
42 ailənin yerləşdiriləcəyi binada 1, 2 və 3 otaqlı mənzillər tam təmirlidir və binanın həyətində müvafiq abadlıq işləri aparılıb.
Bina sakinlərinin elektrik enerjisi ilə dayanıqlı təminatı üçün həyətdə 2 ədəd 630 kv-luq transformator yarımstansiyası və 1 ədəd generator quraşdırılıb, 216 kub metrlik içməli su anbarı tikilib.
Sakinlərin yeni binaya köçürülməsinə yardım məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən kommunal işçilər ayrılıb, sakinlərə digər lazımı köməklik edilib.