Xəbər - Samir Əli – Trend:
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiya Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus yüksək gərginlikli elektrik keçiricilərini (drossel tağlarını) oğurlayan şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, mart ayının 10-da daxil olmuş məlumat əsasında Yevlax stansiya Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə drossel tağlarını oğurlamaqda şübhəli bilinən Yevlax şəhər sakinləri, əvvəllər məhkum edilmişlər Azad Hüseynov və Dilqəm Abdullayev maddi sübutlarla birlikdə saxlanılıb. Araşdırmalarla onların 100 metr uzunluğunda dövlət əmlakı olan tağları oğurlamaqla 1520 manat dəyərində ziyan vurduqları müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.