Yetkinlik yaşına çatmayanların repatriasiyası üzrə qərar

Yetkinlik yaşına çatmayanların repatriasiyası üzrə qərar

Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının (repatriantın) aşkarlanması istiqamətində tədbirlər daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçiriləcək.

AzerTimes xəbər verir ki, bu, Prezident İlham Əliyev imzaladığı fərmanla təsdiqlənən “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nda əksini tapıb.

Repatriantın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu verilməsi və repatriantın şəxsiyyətinin müəyyən edilməsi üçün dezoksiribonuklein turşusu (bundan sonra – DNT) analizinin aparılması Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil ediləcək.

Xarici İşlər Nazirliyi repatriantın Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı onun aşkar edildiyi xarici ölkənin səlahiyyətli orqanları (qurumları) ilə danışıqlar aparacaq. Repatriasiya repatriantın həyat və sağlamlığı üçün təhlükəli olduğu hallarda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi repatriasiya prosesini həmin təhlükə aradan qalxanadək dayandıracaq, repatriantın hüquqlarının və qanuni mənafelərinin qorunması istiqamətində onun olduğu xarici ölkənin müvafiq dövlət orqanı (qurumu) ilə əlaqələndirilmiş şəkildə zəruri tədbirlər görəcək. Repatriasiya prosesinin dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra repatriantın ölkəyə gətirilməsi məqsədilə bu Qaydalarla müəyyən edilmiş tədbirlər davam etdiriləcək.

Repatriant barədə aşağıdakı məlumatlar və sənədlər (hər hansı biri olmadıqda, bu barədə qeyd əlavə edilməklə) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim ediləcək:

– repatriant haqqında məlumatlar (soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, fotoşəkli);

– repatriantın doğum faktını təsdiq edən sənəd;

– aşkarolunma şəraiti və yeri barədə məlumat;

– Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasına dair sənəd;

– valideynləri və ya digər qanuni nümayəndələri (olduqda) və ya valideyn himayəsindən məhrum olma səbəbləri haqqında məlumat;

– sağlamlıq vəziyyəti barədə məlumat.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Qaydalarda qeyd olunmuş məlumatlar və sənədlər əsasında repatriantın şəxsiyyəti, ailə üzvləri, qohumluq əlaqələri, həmin şəxslərin yaşayış ünvanları və əlaqə vasitələrinin müəyyən edilməsi məqsədilə ilkin araşdırma aparacaq və bu barədə məlumatları repatriantın Azərbaycan Respublikasında yaşayan valideyninin qeydiyyatda olduğu ərazi üzrə, repatriantın Azərbaycan Respublikasında yaşayan valideyni olmadıqda, Azərbaycan Respublikasında yaşayan digər ailə üzvlərinin və ya qohumlarının qeydiyyatda olduqları ərazi üzrə qəyyumluq və himayə orqanına, bu barədə də məlumat olmadıqda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerləşdiyi ərazi (rəsmi ünvanı) üzrə qəyyumluq və himayə orqanına təqdim edəcək. Qeyd olunmuş məlumatlar və sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə də təqdim ediləcək.

Qəyyumluq və himayə orqanı valideyn himayəsindən məhrum olan repatriant haqqında təqdim olunmuş sənədləri və məlumatları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edəcək. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi repatriantın olduğu xarici ölkənin müvafiq səlahiyyətli orqanı (qurumu) ilə birlikdə repatriantın ölkəyə gətirilmə tarixini müəyyən edəcək.

İşçi qrup repatriantın ölkəyə gətirilməsi üçün müəyyən edilmiş tarixdən 5 (beş) gün əvvəl iclas keçirəcək. İclasda repatriantın repatriasiyası və reabilitasiyası ilə bağlı İşçi qrupun tərkibinə daxil olan dövlət orqanları (qurumları) tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan məsələlər müzakirə ediləcək. Repatriantın ölkəyə gətirilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, İşçi qrupun aidiyyəti üzvlərindən ibarət heyətin xarici ölkəyə ezam olunması yolu ilə həyata keçiriləcək. Heyətin tərkibində 1 (bir) nəfər psixoloq olmalıdır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi repatriantın sərhədkeçmə sənədinin rəsmiləşdirilməsini, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqəsinə qədər gətirilməsini və təşkilati məsələlərin müvafiq xarici dövlətin səlahiyyətli orqanları (qurumları) ilə razılaşdırılmasını bu Qaydalarda qeyd edilən dövlət orqanları (qurumları) ilə birlikdə təşkil edəcək.

Ölkəyə gətirilən repatriantın dövlət sərhədindən buraxılış məntəqələrində qarşılanması Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, İşçi qrupun aidiyyəti üzvlərindən ibarət heyətin iştirakı ilə həyata keçiriləcək. Repatriantın ölkəyə gətirilməsi üçün nəzərdə tutulan təşkilati, nəqliyyat, səhiyyə (DNT analizi daxil olmaqla) və digər xərclərin, o cümlədən repatriantın doğum faktının müəyyən edilməsi ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına təmin ediləcək. Bu xərclər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdim etdiyi müvafiq hesablamalar əsasında, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə məqsədli şəkildə ayrılacaq.

Sağlamlıq vəziyyətinə görə repatriasiya prosesində həkim nəzarəti tələb edilən repatriantın ölkəyə gətirilməsi təcili və təxirəsalınmaz tibbi yardım həkiminin iştirakı ilə həyata keçirilir. Repatriasiya prosesində tibb işçilərinin iştirakı və repatriantın sağlamlıq vəziyyəti xüsusi tibbi avadanlıqlar tələb etdikdə, həmin avadanlıqlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən təmin ediləcək.

Teqlər: