Yerli startaplar “TEKNOFEST”də (FOTO)

Mayın 26-da Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST
Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına start verilib.
Festival yerli startapların innovativ məhsul və xidmətlərinin
tanıdılması, investorlara təqdim edilməsi və xarici startaplarla
fikir mübadiləsi üçün əlverişli platformadır.

Bu məqsədlə TEKNOFEST çərçivəsində müsabiqələr, “Take Off Baku”
Startap Sammiti və sərgilər keçirilir. Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) açıq və qapalı
məkanlarda keçirilən sərgilərin və “Take Off Baku” Startap
Sammitinin əsas tərəfdaşlarındandır.

KOBİA-nın dəstəyi ilə yerli startaplar onlar üçün ayrılmış
xüsusi stenddə innovativ layihə və həllərini təqdim edirlər. Burada
kənd təsərrüfatı və “ağıllı şəhər” üçün qurğu və həllər, smart
işıqlandırma, dronlar, kanalizasiya sularından enerji əldə edilməsi
üçün qurğu, logistika üçün “ağıllı poçt qutuları”, mikrodalğalarla
yuma cihazı, tullantı yağların emalı sistemi, yumşaq oyuncağı
ağıllı oyuncağa çevirən qurğu, 3D printer və proqram təminatı və s.
kimi innovativ həllər nümayiş olunur. Qeyd edək ki, müvafiq
layihələrə KOBİA-a tərəfindən “Startap” şəhadətnamələri verilib və
qrant vəsaiti ayrılıb. Festival müddətində startaplar layihələrini
investorlara və vençur fondlarına təqdim etmək imkanı əldə edəcək,
eləcə də ümumi mükafat fondu 50 min ABŞ dolları olan yarışmaya
qatılma imkanı olacaqdır.

KOBİA-nın stendində həmçinin, qonaqlar üçün müxtəlif müsabiqələr
təşkil olunur. Sərgi ziyarətçiləri TEKNOFEST-in konsepsiyasına
uyğun olaraq yeni texnoloji trendlərə və KOBİA-nın fəaliyyətinə
dair sualları cavablandırmaqla hədiyyələr qazanacaqlar.

Festival çərçivəsində “Take Off Baku” Startap Sammiti də
keçirilir. KOBİA-nın da əsas tərəfdaşlarından olduğu sammitin
məqsədi regionda innovativ sahibkarlıq üçün əlverişli mühit
yaratmaqla startup ekosisteminin inkişafına tövhə vermək və
beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. Sammit çərçivəsində
investorlar, şirkətlər və xarici mentorlarla görüşlər, nüfuzlu
məruzəçilərin çıxışları və digər tədbirlər nəzərdə tutulur.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya
Festivalı Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə
Respublikasının Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı ilə keçirilir. Festival mayın 29-dək davam
edəcəkdir.