44 günlük Vətən müharibəsinin acı məğlubiyyətindən dərs çıxarmayan Ermənistan yenidən təxribatlara başlayıb. Qaragöl hadisəsindən sonra düşmənin noyabrın 16-da törətdiyi növbəti təxribatlarının da qarşısı Ordumuz tərəfindən alınıb və layiqli cavab verilib.
Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən politoloq İlyas Hüseynov Ermənistanın son təxribatları ilə bağlı real vəziyyətin operativ qaydada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını deyib. Onu sözlərinə görə, BMT, ATƏT, Avropa İttifaqı səviyyəsində məsələ ilə bağlı bəyanatlar verilərkən gərginliyin azaldılması, eləcə də sərhədlərin delimitasiya və demarkasiya məsələsinin vacibliyinə də toxunulub. Lakin Ermənistan bu çağırışlara reaksiya vermək istəmir.
“Üçtərəfli bəyanatın bir illiyi tamam olanda gözlənilirdi ki, hər üç ölkənin rəhbərinin iştirakı ilə yeni bir bəyanat imzalanacaq. Hətta Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bu barədə açıqlama vermişdi. Lakin gözlənilənin əksinə Ermənistan qeyri-kostruktiv mövqeyini davam etdirdi. Ermənistan tərəfi Laçın və Kəlbəcər istiqamətində təxribatlara əl atdı, genişmiqyaslı hücuma keçərək yeni mövqelər əldə etməyə çalışdı. Lakin Azərbacan Ordusunun sayıqlığı nəticəsində düşmənin bütün təxribatlarının qarşısı uğurla alındı. Düşünürəm ki, baş verən təxribatların Azərbaycan Silahlı Qüvvələri tərəfindən dəf edilməsi sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı prosesi daha da sürətləndirəcək. Eyni zamanda, beynəlxalq təşkilatlar da Ermənistana təzyiqləri artırmalıdırlar ki, sərhədlərin tanınması ilə yekunda genişmiqyaslı sülh müaviləsi imzalansın. Sülh müqaviləsinin imzalanması regiondakı eskalasiya ilə bağlı çağırışları da sıfıra endirəcək və eyni zamanda ,xalqların rifahını təmin edəcək. Ona görə də Ermənistanı sülhə məcbur etmək istiqamətində ikitərəfli və çoxtərəfli qaydada təşəbbüslər icra olunmalıdır. Mənə elə gəlir ki, beynəlxalq təşkilatların üzərinə bu xüsusda böyük iş düşür” – deyə, politoloq əlavə edib.
Hərbi ekspert Ədalət Verdiyev isə AzerTimes-a açıqlamasında bildirib ki, noyabrın 16-da baş verən erməni təxribatı bir daha göstərdi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi keçənilki məğlubiyyətdən nəticə çıxarmayıb. Onun sözlərinə görə, son hadisələr Ermənistanın Tovuz ərazisində törətdiyi təxribatları davam etdirmək niyyətində olduğunun göstəricisidir.
“Ermənistan üzərində qazandığımız qələbənin ildönümünü qeyd etdikdən sonra düşmənlərimizin başlatdıqları təxribatlara Azərbaycan tərəfindən ciddi xəbərdarlıqlar edilmiş və belə fəaliyyətlərin təkrarlanacağı təqdirdə daha sərt və adekvat cavabların veriləcəyi bildirilmişdi. Yerevan bu dəfə də xəbərdarlıqları görməzdən gəldi və nəticədə kifayət qədər itkilərə məruz qaldı. Baş verən son hadisə Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat fəaliyyətidir. Bu, genişmiqyaslı təxribatların ordumuz tərəfindən cavabı verilib. Bizim heç bir qonşu ölkənin ərazisində gözümüz yoxdur. Azərbaycanın istədiyi keçən ilin noyabrın 10-da qüvvəyə minən birgə bəyanatın şərtlərində göstərilən müddəaların yerinə yetirilməsi, o cümlədən sərhədlərin demarkasiyası, delimitasiyası və kommunikasiya yollarının açılmasıdır. Ermənistan isə müxtəlif yollarla bunlardan yayınmağa çalışır” – deyə, o bildirib.
Ekspert qeyd edib ki, hərbi əməliyyatın itkisiz başa çatdırılması çox çətindir, lakin ordumuzun peşəkarlığı sayəsində düşmən daha çox itkilərə məruz qaldı. Ermənistanın itkiləri 40 nəfərdən çoxdur. Dünənki əməliyyat nəticəsində iki strateji mövqe ələ keçirilib, qüvvələrimizin yerləşdirilməsi təmin edilib. Silah-susat, texnika qənimət olaraq götürülüb. Görünür ki, düşmən gələcəkdə də təxribatlara əl atacaq. Silahlı Qüvvələrimiz daim bu tipli təxribatların qarşısının alınmasına hazır olmalıdır.
Politoloq Asif Nərimanlı da AzerTimes-a açıqlamasında qeyd edib ki, Ermənistanın təxribatları sərhədlərin delimitasiya və demarkasiyası prosesini gecikdirməyə hesablanıb.
“Kommunikasiyaların açılmasında maraqlı olan Rusiya da anlayır ki, bunun üçün paralel olaraq sərhədlərin delimitasiya və demarkasiyası aparılmalıdır. Hətta Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunda çıxışı zamanı bildirmişdi ki, bütün məsələlər müzakirə edilir, lakin əsas məsələ sərhədin müəyyən edilməsidir. Bütün bunlar onu göstərir ki, müharibənin birinci ildönümündə Rusiyanın qurmaq istədiyi üçtərəfli masada müzakirə ediləcək iki əsas məsələdən biri sərhəd idi. Lakin Ermənistan kommunikasiyaların açılmasında müəyyən qədər maraqlı olsa da delimitasiya və demarkasiyanı gecikdirmək istəyir. Paşinyan hakimiyyəti Rusiyanın təzyiqi ilə bunun mümkün olmayacağını gördü və sərhəddə təxribatlara başladı. Məqsəd o idi ki, yeni mövqelər əldə edərək əlini gücləndirsin. Xatırladaq ki, bundan əvvəl də Qaragöl istiqamətində 60-a yaxın erməni hərbçisi hücuma cəhd etmişdi. Buna nail ola bilmədikləri üçün daha geniş miqyasda ikinci hücuma keçdilər. Burada həmçinin məqsəd Rusiyanın 1997-ci il müqaviləsinə əsasən öhdəliyini gündəmə gətirmək idi. Vəziyyət onu göstərir ki, Ermənistan bu prosesi nə qədər uzatmağa çalışsa, bu onun üçün daha ağır itkilərə gətirib çıxaracaq” – deyə o əlavə edib.
Trend İnformasiya Agentliyinin Təhlil Şöbəsi