Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən son 15 gün ərzində keçirilən əməliyyatlar
zamanı ölkə ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə
məşğul olan daha 38 nəfər saxlanılıb.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, həmin şəxslərdən ümumilikdə 104 kiloqramdan artıq
narkotik vasitə və psixotrop maddə, 2441 ədəd psixotrop tərkibli
həb, 1 ədəd ov tüfəngi və 17 ədəd patron aşkar olunub.
Daxil olmuş əməliyyat məlumatı əsasında Yasamal rayonunda
keçirilən tədbir zamanı əvvəllər məhkum edilmiş Elgiz Ağayev və
Araz Bünyatov saxlanılıb. Həmin şəxslərdən 35 kiloqram, o cümlədən
11 kiloqram heroin, 18 kiloqram marixuana, 5 kiloqram metamfetamin
və 1990 ədəd satışı qadağan edilən psixotrop tərkibli həb aşkar
olunub.
Abşeron, Qobustan və Bərdə rayonlarında həyata keçirilən
əməliyyatlar zamanı isə Elman Əliyev, Xəyyam Bəydəmirov və Mənsur
İmanov saxlanılıblar. Onlardan ümumi çəkisi 33 kiloqram olan
heroin, metamfetamin və metadon həbləri aşkar olunub.
Qeyd edək ki, adları sadlanan 5 nəfər mütəşəkkil dəstə yaradıb
xaricdən göndərilən külli miqdarda narkotik vasitəni əldə ediblər.
Daha sonra onlar yaşadıqları evlərdə torpağın altında xüsusi
anbarlar yaradaraq narkotikləri orada müxtəlif üsullarla komuflaj
edərək gizlədib və satmaq məqsədi ilə paytaxt ərazisinə gətirməyə
çalışıblar.
Paytaxtın Nizami, Nəsimi, Suraxanı, Yasamal, Qaradağ, eləcə də,
Abşeron Sabirabad və Qəbələ rayonlarında həyata keçirdikləri
əməliyyatlar zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan 17 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 16
kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, eləcə
də, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin
pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan çoxlu sayda
plastik kartlar və qeyd dəftərçələri aşkar olunub.
Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrin
əməkdaşlarının qeyd edilən dövr ərzində Gəncə, Lənkəran şəhərləri,
həmçinin Masallı Astara, Yevlax və Cəlilabad rayonlarında həyata
keçirdikləri əməliyyatlar zamanı isə daha 16 nəfər saxlanılıb. Bu
şəxslərdən ikisi – Yevlax rayonunda saxlanılan Kamal Abdullayev və
tanışı Şahin Abdullayevdən 14 kiloqram, digərlərindən isə 6
kiloqram heroin, metamfetamin, elektron tərəzilər, həblər və
plastik kartlar aşkar olunub.
Faklarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində
təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində
məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.