“Yer Günü 2022” münasibəti ilə kütləvi ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika
Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində ölkə üzrə
növbəti ağacəkmə aksiyası aprelin 23-də Müşfiqabad qəsəbəsində
keçirilib.

IDEA-dan AzerTimes-a verilən məlumata görə, “Yer Günü”nə həsr edilən
aksiya zamanı 2 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim
şəraitinə uyğun 1000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə
aksiyasına ETSN yanında İctimai Şuranın nümayəndələri, Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan
Diplomatik Akademiyası, Bakı Modern Təhsil Kompleksi və Sumqayıt
şəhər 12 nömrəli tam orta məktəbin müəllim, tələbə və şagirdləri
qoşulub.

“Yer Günü” hər il aprelin 22-də ətraf mühitin mühafizəsinə
dəstək nümayiş etdirmək məqsədilə dünyanın əksər ölkələrində qeyd
edilir. 2022-ci ildə Yer Günü “Planetimizə investisiya edək” şüarı
altında keçirilir.

Qeyd edək ki, ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması
səylərini bundan sonra da davam etdirmək niyyətində olan İDEA
İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin
mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən
tədbirlərdə aktiv iştirak etməyə çağırır.

Teqlər: