Yeniyetməni cinayətkarlığa cəlb edən şəxs həbs olunub

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən elektrik
kabelləri oğurlayan və yeniyetməni müxtəlif vədlərlə cinayətkar
fəaliyyətə cəlb edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a
verilən məlumata görə, rayon sakinləri onlara məxsus yeni
tikilməkdə olan evlərdən ümumi dəyəri 3 000 manata yaxın olan
elektrik kabellərinin oğurlanması barədə polisə müraciət
ediblər.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən
cinayət əməllərini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini
İlham Məhərrəmov və bir nəfər yeniyetmə saxlanılıb. İlkin araşdırma
zamanı məlum olub ki, İlham Məhərrəmov dostunun oğlu olan həmin
yetkinlik yaşına çatmayan şəxsə müxtəlif vədlər verərək onu da
özünə “ortaq” edib. Saxlanılan şəxslər ifadələrində oğurladıqları
kabelləri metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.
Onların cinayətdə istifadə etdikləri alətlərin bir qismi polis
əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 170-ci (Yetkinlik yaşına
çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) və 177-ci ( oğurluq)
maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.Məhkəmənin
də qərarı ilə İlham Məhərrəmov barəsində həbs qətimkan tədbiri
seçilib.

Qeyd edək ki, may ayının əvvəllərində də İlham Məhərrəmov
analoji oğurluq hadisəsinə görə saxlanılıb və ilk dəfə cinayət
törətməsi, eləcə də əməlini səmimi etiraf etməsi nəzərə alınaraq
barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Lakin o, bundan nəticə çıxarmayaraq barəsində seçilmiş qətimkan
tədbirini kobudcasına pozub və eyni məzmunlu yeni cinayət
törədib.

Teqlər: