Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi ciddi narahatlıq doğurur.
AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır.