Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Bakı şəhəri və Abşeron rayonundakı yaşayış komplekslərindən daha
100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, mənzillərin tədim edilməsi tədbirində əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib
ki, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla
ölkəmizdə vətəndaş rifahının təminatına xidmət edən ardıcıl və
geniş miqyaslı sosial islahatlar 2022-ci ilin əvvəlindən də davam
edib. Yeni sosial islahat paketi olaraq 2022-ci ilin əvvəlindən
əmək haqqı, pensiya və s. sosial ödənişlər növbəti dəfə artırılıb.
3,4 milyon şəxsi əhatə edən bu artımlar üçün ayrılan illik əlavə
vəsait 2,1 mlrd. manatdır.
Nazir müavini tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən
müharibəsindən sonra şəhid ailəsi üzvləri, müharibə veteranları,
erməni terrorundan zərər çəkənlərlə bağlı icra olunan sosial dəstək
proqramını qeyd edib. V.Nəsirli mühüm sosial dəstək tədbirlərindən
biri kimi, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı
proqramının da dövlət başçısının Sərəncamı ilə 5 dəfə
genişləndiyini vurğulayıb.
Qeyd edilib ki, bu gün də daha 100 mənzil şəhid ailələri və
müharibə əlillərinə təqdim edilir. Beləliklə, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlindən 200,
postmüharibə dövründə 3200, ümumilikdə ötən dövrdə 12500-dən çox
şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin
edilib.
Vətən müharibəsi şəhidlərinin ailələri və müharibə əlilləri
qeydiyyata alındıqdan qısa zaman sonra artıq onların mənzillə,
eləcə də müharibə əlilərinin avtomobillə təminatı həyata keçirilir.
Bu da onlara xüsusi qayğının daha bir təzahürüdür.
Nazirlik 2021-ci ildə daha 164 nəfər müharibə əlilini,
ümumilikdə ötən dövrdə isə 7400 müharibə əlilini avtomobillə təmin
edib.
Tədbirdə yeni mənzillə təmin olunan vətəndaşlar şəhid ailələri
və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi,
onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması işlərindən
razılıqla bəhs ediblər. Onlara göstərilən yüksək diqqət və qayğıya,
Novruz bayramı öncəsi yeni mənzillə təmin edildiklərinə görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.