Yeni yanacaqla niyə daha az məsafə qət edilir? – Ekspert

Yeni yanacaqla niyə daha az məsafə qət edilir? – Ekspert

Sürücülər Avro-5 standartının tətbiqindən sonra 100 km üçün avtomobillərin daha çox yanacaq sərf etməsindən şikayətlənirlər. İddia edilir ki, daha əvvəl 100 km üçün istifadə olunan yanacaqla hazırda 70 km qət etmək olur.

Mövzu ilə bağlı AzerTimes-a açıqlamasında ekspert Elməddin Muradlı bildirib ki, yanacağın keyfiyyəti ilə bağlı həqiqətən də son günlər narahatlıqlar var.

“Bu narahatlıq fonunda əsas diqqət çəkən odur ki, sərfiyyat çoxalıb. Qiymət artımından sonra əslində, bunun tam əksini gözləyirdik. Düzü, bunu özüm də şəxsi avtomobilimdə müşahidə edirəm. Ola bilsin ki, yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyətinə müdaxilə olunur, tərkibinə müxtəlif maddələr qatılır, ona görə fərqli mənzərə ortaya çıxır. SOCAR dəfələrlə açıqlama verib ki, biz yanacağı ən yüksək keyfiyyətdə istehsal edirik, yanacaqdoldurma məntəqələri ona hansı qatqını qatır, necə satırsa, bu artıq bizim nəzarətimizdə deyil. Bu, əvvəllər də olub. Əminəm ki, bu gün də işlərinə haram qatan yanacaqdoldurma məntəqələri mövcuddur. Həmin qatqılar ətraf mühiti çirkləndirməklə yanaşı, həm də insanlar arasında müxtəlif xəstəliklərin yayılmasına gətirib çıxarır. Digər tərəfdən isə birmənalı olaraq vətəndaşın cibinə girilir”.

O bildirib ki, bu vəziyyətin qarşısını almaq üçün güc strukturlarının köməyinə ehtiyac var:

“Müdaxilə olmasa, vəziyyət gərgin olacaq. Yalnız güc strukturlarının, eləcə də Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan qurumun köməyi ilə bu məsələ həll edilə bilər. Həmin qurumların əməkdaşları mütləq yanacaqdoldurma məntəqələrində manitorinqlər aparmalı, o qüsurları aşkarlamalıdır. Həmin yanacaqdoldurma məntəqələrinə başqa cür təsir etmək mümkün deyil”.

Teqlər: