Yeni Tretyakov Qalereyasında Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb (FOTO)

Fevralın 22-də Moskvadakı Yeni Tretyakov Qalereyasında Xalq
rəssamı Tahir Salahovun “Tretyakov qalereyasının kolleksiyasından
olan əsərlər” adlı sərgisi açılıb.

AzerTimes-ın
məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən
“Moskvada Azərbaycan günləri” çərçivəsində təşkil olunan
ekspozisiyada görkəmli rəssamın əsərləri sərgilənir. Ziyarətçilərə
Tahir Salahovun natürmort, peyzaj, portret janrlarında əsərləri
təqdim olunur. Ekspozisiya rəssamın məşhur “Qladioluslar”, “Qara
Qarayevin portreti” və “Aydan” əsərləri ilə başlanır.

Tretyakov Qalereyasındakı Tahir Salahov Fondunun əməkdaşı Elmira
Jdanova AZƏRTAC-a müsahibəsində deyib ki, Tretyakov Qalereyası bu
sərgi ilə Tahir Salahovun xatirəsini bir daha yad edir.
“Ekspozisiyada müxtəlif dövrləri əhatə edən əsərlər sərgilənir.
Eyni zamanda, rəssamın qalereyaya 2019-cu ildə daxil olmuş sonuncu
əsərlərindən biri – “Səhər ovu” əsəri ziyarətçilərə təqdim olunur.
Burada Tahir Salahovun doğma şəhəri Bakıya həsr olunmuş rəsmlərinə
də rast gəlinir. Tahir Salahov Azərbaycana və Rusiyaya sevgini
özündə birləşdirən təkrarsız incəsənət xadimidir. Onun
yaradıcılığında iki xalqın ənənələri öz əksini tapır”, – deyə E.
Jdanova qeyd edib.

Teqlər: