Müzakirəyə çıxarılmış məsələ ilə bağlı diqqətimi çəkən bir məqam ondan ibarət oldu ki, Ali Məhkəməyə üzv təyin olunan İlqar Cəfərov xüsusi qaydada təyin olunur. Yəni hakimlərin seçilməsinin ümumi qaydasından kənar formada. Doğrusu, bilmirəm Ali Məhkəmənin artıq neçə üzvü bu qaydada təyin olunub. İlqar Cəfərovun son iş yeri Ədliyyə Nazirliyinin icra baş idarəsi olub. Mən onu tələbəlik illərindən savadlı bir hüquqşünas kimi tanıyıram. Amma çox təəssüf ki, onun bu idarənin rəisi olduğu dövrdə məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət yaxşıya doğru əhəmiyyətli miqyasda dəyişmədi.
AzerTimes xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı səsləndirib.
Millət vəkili dünən Ədliyyə Nazirliyinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı yerləşdirdiyi statistik məlumatlara baxdığını bildirib:
“2023-cü ildə bir milyon 120 min 561 iş icraya daxil olub. İcrası təmin edilən və icrası davam etdirilən icra sənədlərinin sayı isə 564 min 763 olub. Yəni bu 50 faizdən azdır. Burada da bəlli olmur ki, bunların nə qədəri icra edilib. Ona görə ki, icrası təmin edilənlə icrası davam etdirilənlər eyni qrafada verilib. İlqar Cəfərov görünür bilirmiş ki, Ali Məhkəməyə üzv təyin olunacaq, ona görə son vaxtlar telefonlara da cavab vermirdi. Amma mən ona göstərilmiş etimadı dəstəkləyəcəyəm və ona səs verəcəyəm. Ümid edirəm ki, o, Ali Məhkəmənin hakimi kimi etimadı doğruldacaq”.
Millət vəkili həmçinin bir məsələyə xüsusi diqqət yetirmək istədiyini vurğulayıb:
“Bu da ondan ibarətdir ki, Konstitusiyanın 125-ci maddəsinə görə, ədalət mühakiməsini yalnız məhkəmə hakimiyyəti həyata keçirir. Ədalət mühakiməsinin son mərhələsi məhkəmə qərarlarının icrasıdır. Ona görə də məhkəmə hakimiyyəti məhkəmə qərarlarının icrasını nəzarətdə saxlamalı və buna görə məsuliyyət daşımalıdır. Bununla əlaqədar olaraq bizim qanunvericiliyə dəyişiklik edilməlidir. Mən çox istəyərdim ki, Ali Məhkəmə və yeni təyin olunacaq hakimlər də çalışsınlar və bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər layihəsini Milli Məclisə göndərsinlər”.
Qüdrət Həsənquliyev digər məsələ ilə bağlı da fikirlərini bölüşüb:
“Bir məsələyə də diqqət cəlb etmək istəyirəm. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 64.8-ci maddəsinə görə, diskresion səlahiyyətlər – yəni öz mülahizələrinə görə tətbiq olunan səlahiyyətlər geniş olmamalıdır. 64-cü maddə əslində imperativ bir normadır. Yəni burada düzünə göstəriş var və həmin maddədə qeyd olunur ki, “vəzifəli şəxsin öz mülahizəsindən asılı olaraq fiziki və hüquqi şəxslər üçün ümumi qaydadan istisnalar müəyyənləşdirmək imkanı nəzərdə tutula bilməz”. Amma “Məhkəmələr və hakimlər haqqında” qanunun 93.4-cü maddəsində, dediyim kimi, 20 il iş təcrübəsi olan və nüfuzlu hüquqşünasların bu qaydalardan kənar təyin olunması nəzərdə tutulur. Hesab edirəm ki, Konstitusiyaya görə, Konstitusiya qanunları əgər Konstitusiyanın əsas mətni ilə ziddiyyət təşkil etmirsə, o, Konstitusiyanın tərkib hissəsi sayılır. Qanunun bu maddəsi Konstitusiya ilə ziddiyyət təşkil edir. Ona görə də biz gələcəkdə həm də bu məsələlərə baxmalıyıq. Bir daha yeni təyin olunacaq hakimləri təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram”.