Prezident İlham Əliyevin ADA universitetində keçirilən
konfransda bildirdiyi kimi, icra hakimiyyəti orqanları Sovet
hakimiyyəti dağıldıqdan sonra yaranan bir strukturdur. Bu illərin
təcrübəsi göstərdi ki, bu struktur özünü doğrultmadı, yuxarıların
dediklərini aşağıda yerinə yetirə bilmədilər.
Trend xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında siyasi
ekspert Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, korrupsiyaya, rüşvətxorluğa qurşandılar:
“Bu da yerlərdə icra hakimiyyətinin mövqeyinə mənfi təsir göstərdi.
Bildiyimiz kimi bir neçə rayonun icra başçıları rüşvətxorluq
üzərindən həbs olundular”.
Son dövrlər cənab Prezidentin sərəncamı ilə Ağdam, Şuşaya təyin
olunan xüsusi nümayəndələr yeni idarəetmə strukturunun
yaranmasından xəbər verir. ADA universitetində çıxışı zamanı da
cənab Prezident bunun cəmiyyətə xeyir verəcəyini, xüsusilə də
korrupsiyaya qarşı mübarizədə effektiv rol oynayacağını bildirdi.
Buna görə də güman edirəm ki, Vahid Hacıyevin Zəngəzur bölgəsinə
xüsusi nümayəndə olaraq, təyin olunması həmin deyilənlərin
nəticəsidir. Gələcəkdə də belə təyinatlar çoxalacaq və biz köhnə
idarəetmə üsulundan əl çəkərək, yeni, daha effektiv bir orqan
yaradıldığının şahidi olacağıq.
Cənab Prezident İlham Əliyev Vahid Hacıyevi onlayn qəbul
edərkən, Zəngəzur dəhlizinin açılmasına Azərbaycanın hazır olduğunu
bir daha vurğulayıb.
Bildiyimiz kimi 10 noyabr bəyannaməsi imzalandıqdan sonra bu
məsələ gündəmdədir. Azərbaycan bu istiqamətdə öz üzərinə düşən işi
görür. Amma Ermənistanda revanşist qüvvələr mitinqlər keçirir,
Paşinyanı devirmək istəyirlər. Çünki onların məqsədi, Azərbaycanla
Ermənistan arasında olan münaqişəni uzatmaq, sülh müqaviləsinin
bağlanmasına mane olmaqdır. Lakin cənab Prezidentində qeyd etdiyi
kimi biz Zəngəzur dəhlizini açacağıq və Zəngəzur dəhlizi istifadəyə
verildikdən sonra Rusiyanın özü də buradan istifadə edəcək”.