Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:
“Nar” mobil operatoru 2020-ci ildə şəbəkə infrastrukturunun təkmilləşdirilməsi üzrə işləri davam etdirib.
AzerTimes-ın məlumatına görə, bunu şirkətin baş direktoru Qunnar Panke ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, il ərzində 150 yeni baza stansiyası quraşdırılıb. Beləliklə, 4G stansiyalarının sayı 2,7 minə, 3G stansiyalarının sayı 2,8 minə çatıb:
“Hazırda şəbəkədə internetin təxminən 84 faizi LTE-A texnologiyalı baza stansiyaları vasitəsilə təmin olunur”.
Q.Panke əlavə edib ki, ölkədə yeni baza stansiyalarının quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 33 faiz artıb, regionlarda isə bu göstərici 52 faizə bərabər olub.