Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…

Yeni siyasi xətt elan edildi: Nə Rusiya, nə Qərb…

İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı Azərbaycanın xarici siyasətdə yeni kursunu da elan etdi: Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq.

Bakı nə Qərb, nə Rusiya xəttini seçir, əksinə, bu iki qütb arasında manevr imkanlarını genişləndirmək və daha güclü mövqe tutmaq üçün öz cəbhəsini qurur. Bu prosesdə TDT və QH xüsusilə önəmli təşkilatlardır. Azərbaycan ərazi baxımdan kiçik olsa da, Bakının bu iki təşkilatda aktiv rol oynadığı, hətta bu təşkilatların siyasi xəttinə yön verdiyi bəllidir:

– Türk dünyasının dərin inteqrasiyasında Ankara ilə birlikdə ciddi missiyanı üzərinə götürüb: TDT-nin beynəlxalq təşkilata çevrilməsi istiqamətində iş aparılır;

– Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun güclənməsi istiqamətində addımlar atıb, xüsusilə pandemiya dövründə buna nail oldu, o cümlədən, bu hərəkat üzərində Afrikada Fransanın müstəmləkə siyasətinə qarşı müqavimətin formalaşmasına çalışır.

Hər iki təşkilat və bu təşkilatların əhatə etdiyi coğrafiya köhnə cəbhələr qarşısında yeni güc olaraq meydana çıxır. Azərbaycan da köhnə cəbhələrdən birindən yana olmaqla riskli mübarizəyə qoşulmaqdan imtina edir, yeni gücün meydana çıxdığı coğrafiyada aparıcı rol oynamaq xəttini seçir. Bununla həm köhnə cəbhələr arasından seçim etmək riskindən sığortalanır, həm də onlara qarşı müqavimətini gücləndirir.

Əliyevin çıxışından aydın olur ki, Azərbaycan yeni dövrdə Qərb və Rusiya cəbhəsi arasında məsafəli siyasəti davam etdirəcək, əsas əməkdaşlığı TDT, QH və İƏT ölkələri ilə quracaq. Beynəlxalq müstəvidə Azərbaycanı ən vacib məqamlarda dəstəkləyən ölkələr də TDT, QH və İƏT üzvləri olub.

Burada iki məqam da xüsusilə önəmlidir:

Birincisi, TDT-nin orta dəhliz coğrafiyasında yeni geosiyasi gücə çevrilmə potensialını nəzərə alsaq, Azərbaycan bu təşkilatın çətiri altında qlobal siyasətdə aktiv iştirak imkanı əldə edir;

İkincisi, Azərbaycanın QH və İƏT üzərindən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasına qoşulmaq perspektivi mümkündür, Əliyev bir müddət öncə bu məsələni gündəmə gətirmişdi: BMT TŞ-nin yeni üzvləri olmalı və bu daimi üzvlərdən birini İslam Əməkdaşlıq Təşkilatı, digərini Qoşulmama Hərəkatı öz üzvləri arasından müəyyən etməli, veto hüququ qalacaqsa, yeni iki üzvə də veto hüququ verilməlidir; istisna deyil ki, bu məsələ perspektivdə daha ciddi şəkildə aktuallaşa bilər, xüsusilə dünyanın yeni siyasi sisteminin formalaşması fonunda; Bakının xarici siyasi kursunda bu siyasi coğrafiyaya ağırlıq verməsi həm də Azərbaycanın önündə belə perspektivləri də aça bilər.

Teqlər: