Yeni şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır

Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə
bağlı müsabiqə elan edir. Şəhərlərarsı sərnişindaşıma xidmətinin
keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində
Bakı-Horadiz (Füzuli)-Bakı, Bakı-Sabirabad-Bakı şəhərlərarası
müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası
Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3
aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil
nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası
(rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına
daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi
Qaydası”na uyğun təşkil edilir.

Müsabiqə şərtlərinə əsasən, Bakı-Horadiz (Füzuli)-Bakı
istiqaməti üzrə daşıyıcıların ən azı 3, Bakı-Sabirabad-Bakı
istiqaməti üzrə 2 orta və iri tutumlu avtobusu olmalıdır.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri
29 aprel 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu
isə 13 may 2022-ci il saat 17:00-dək Dövlət Avtomobil Nəqliyyatı
Xidmətinə təqdim etməlidirlər.

İddiaçıların təkliflər paketlərini 26 may 2022-ci il tarixində
müsabiqə keçirilən zaman komissiya üzvləri açacaqlar. İddiaçılar və
onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri
səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə
bilərlər.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin
tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim
ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin
keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Teqlər: